5 oktyabr Azərbaycanın təhsil işçilərinin bayramıdır Bu gün Azərbaycanda “Müəllim günü”dür.
Hazırda Azərbaycanın 4546 ümumtəhsil məktəbində 169 min 498 müəllim çalışır. Onlar 1 milyon 359 min 900 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Ali təhsil müəssisələrində çalışan müəllimlərin sayı isə 14 min 890-dır. Onların 12 min 800-ü dövlət ali təhsil ocaqlarında, 2 min 90-ı qeyri-dövlət ali məktəblərində çalışan müəllimlərin payına düşür.
Statistikaya əsasən, hazırda Azərbaycanın dövlət sektorunda ən aşağı əmək haqqı alan məhz müəllimlərdir. Hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı təxminən 219 manatdır. Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərdə bu göstərici 146, peşə məktəbləri və peşə liseylərində 154, orta ixtisas təhsili müəssisələrində isə 200 manatdır.
Qeyd edək ki, “Müəllim günü” ilə əlaqədar prezidenti İlham Əliyev dünən təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2 müəllim “Şöhrət” ordeni, 74 müəllim “Tərəqqi” medalı, 3 müəllim “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bundan başqa, 70 təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib.
Bayramınız mübarək!