Başlıq » 2010»Noyabr»1 » Magistraturaya qəbul imtahanları yanvarın sonlarında elan olunacaq
Magistraturaya qəbul imtahanları yanvarın sonlarında elan olunacaq
18:02
Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının yanvarın sonlarında elan olunması gözlənilir.
Bunu bazar ertəsi Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
"2010-cu ildən fərqli olaraq gələn il magistraturaya qəbul imtahanlarının yalnız vaxtı dəyişdirilib. İmtahan fənləri və keçirilmə qaydalarında dəyişikliklər olunmayacaq", - Nağızadə deyib.
Azərbaycanda magistratura pilləsinə qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrlar məntiqi təfəkkür, xarici dil və informatika fənlərindən test tapşırıqlarını cavablandırırlar. İkinci mərhələdə isə ixtisas fənlərindən test imtahanı verirlər.