Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri bu gün açıqlanacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçirilib və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb.
İmtahan binalarına buraxılış rejimində bakalavrların imtahan sənədləri xüsusi kompyuter proqramları və skaner qurğuları vasitəsilə yoxlanılıb.
İmtahanda iştirak etmək hüququna 6616 bakalavr malik idi.
Onlardan 72 nəfəri imtahana gəlməyib.
Buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirməsi aşkarlanmış, onların barəsində akt tərtib olunmuş və imtahana buraxılmamışlar.
Nəticələrin bu gün – iyunun 22-də TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulub.