Orta məktəb şagirdlərində tətildən sonrakı ilk dərs günü martın 28-də olacaq
Azərbaycanın orta ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivi bu gündən yaz tətilinə buraxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, 5 günlük iş qrafiki ilə işləyən məktəblərdə tətildən sonrakı ilk dərs günü martın 28-də, həftənin altı gününü işləyən məktəblər isə martın 26-da dərsə gələcəklər.
Xatırladaq ki, ümumtəhsil məktəblərində yaz tətilinin müddəti Nazirlər Kabinetinin Novruz bayramı ilə bağlı qərarına uyğun olaraq uzadılıb. Həmin qərara uyğun olaraq, Azərbaycanda 9 gün qeyri-iş günü olacaq. Belə ki, martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur. Martın 26-sı şənbə, 27 -i isə bazar gününə təsadüf etdiyindən beş günlük iş həftəsində çalışanlar 9 gün - martın 19-dan 27-dək işləməyəcəklər. Altı günlük iş həftəsi olanlar isə martın 20-dən 26-dək istirahət edəcəklər.