Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. İmtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılır. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunur.
2010-cu ildə III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib.
Sənəd verənlərin 30187 nəfəri Azərbaycan bölməsinin, 3129 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfərini oğlanlar, 24089 nəfərini isə qızlar təşkil edir.
16876 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.15732 orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
1630 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1995-ci ildəndir.
Bakı şəhərində 27807 abituriyent, Naxçıvanda 1893 abituriyent, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.
III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana 2 sənəd gətirirlər
- İmtahana buraxılış vərəqəsi"ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 20:00-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 8-dən 14-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər.
Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
Müsabiqəyə:
- I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər;
- III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər.