“İnter” “Lex”ə penaltilərdə uduzdu Çempionumuz səfər oyununun əsas vaxtında 0:1 hesabı ilə qalib gəlsə də, penaltilərdə rəqibinə 9:8 hesabı ilə məğlub olub.
Bakının “İnter” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununu Polşada “Lex” komandasına qarşı keçirib. Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə məğlub olan “İnter” səfərdə keçirdiyi oyunun əsas vaxtını uğurla başa vurub. Poznan şəhərinin “Miyeski” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 83-cü dəqiqədə Girts Karlsons fərqlənib.
Bu, Azərbaycan klublarının Polşada qazandığı ilk qələbə olub.
Amma Bakıdakı ilk matçda poznanlılar eyni hesablı qələbəyə sevindiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət daha iki hissə oynanılıb. Burada qapılara top vurulmadığından oyun sonrası penaltilərdən istifadə olunub.
Təəssüf ki, Azərbaycan çempionunun “lotereya”da bəxti gətirməyib. Meydan sahibləri daha dəqiq olmaqla, 9:8 hesablı qələbə qazanıblar.
Beləliklə, “İnter” səfər oyununda 9:8 hesabı ilə məğlub olub və Çempionlar Liqasındakı mübarizəsini dayandırıb. Komandamız bu oyunda qalib gəlsəydi, üçüncü təsnifat mərhələsində Çexiyanın “Sparta” klubu ilə qarşılaşmalı idi.