Azərbaycanda əhalinin sudan istifadəyə görə bir neçə ildir yığılıb qalmış borcları silinəcək. “Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib.
Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.
Dövlət başçısı qeyd edib ki, suya olan borclar da qaza olan borclar kimi silinəcək: "Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün".
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.Prezident İlham Əliyev zabratlılarla görüşündə bu məsələnin tezliklə həll olunacağını deyib
“Bakı şəhərində qeydiyyatsız evlərin qeydiyyata alınması ilə bağlı məsələlər öz həllini tapacaq”.
Dövlət başçısı bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bu məsələnin də xüsusi diqqətdə saxlandığını deyib: “Mən müvafiq göstərişlər vermişəm. İndi məsələyə baxılır və yaxın zamanlarda təkliflər irəli sürüləcək ki, biz bu məsələni birdəfəlik həll edək”.
Qeyd edək ki, prezident İham Əliyev ötən gün şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarında olub.