Dünən axşam saatlarında İldırım çaxması nəticəsində “Elmlər Akademiyası” stansiyasında enerji verilişi kəsilib. dünən axşam saat 19:00 radələrində Bakı şəhərində ildırım çaxması nəticəsində Yasamal rayonu ərazisində yerləşən Sallaqxana yarımstansiyasına gələn elektrik xəttində gərginlik itib. Nəticədə Yasamal rayonunun bəzi yerlərində, eləcə də Bakı Metropolitenin “Elmlər Akademiyası” stansiyasında enerji verilişi kəsilib. Bakı Elektrikşəbəkədən verilən məlumata görə, qısa müddət ərzində qəza aradan qaldırılıb və enerji verilişi bərpa edilib.
Ümumiyyətlə dünən Bakıda təxminən axşam saat 7-dən başlayaraq bir neçə saat davam edən güclü külək və yağışla, eyni zamanda ildırımla müşaiyət olunan hava şəraiti nəticəsində şəhərin digər yerlərində də kiçik də olsa enerji problemləri yaşanıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosu dünən axşamdan etibarən Bakı və Abşeron yarımadasında yağışlı hava şəraitinin hökm sürəcəyi ilə bağlı məlumat yayıb.Bugün və sabah da hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir.Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə müsbət 6-8, gündüz 9-11 dərəcə olacaq.