Ehtiyatlı olun, bir gün avtobusdan ayı boylandığını görsəniz təəccüblənməyin! Bakının Nizami rayonu 8-ci km qəsəbəsindəki 10 nömrəli məktəbin həyətində sərbəst şəkildə gəzən iki meymun şagirdləri təşvişə salmışdı. İki meymunun şəhərə gəzməyə çıxması və dəcəllik edib adamları təşvişə salması həm də bəzi məqamlara diqqəti artırdı. Üstəlik bu heyvanların zooparka təhvil verilməsindən bir gün keçməsinə baxmayaraq, hələ də sahibinin ortaya çıxmaması müəyyən suallar doğurdu. Görəsən bu meymunlar kimindir və ya bu cür vəhşi heyvanlar hardan və necə qaçıb? Ehtimal var ki, meymunlar ya bazardakı satış yerindən, ya da hansısa şadlıq evi, əyləncə mərkəzi və ya restorandan qaçıb. Ən qorxulusu da odur ki, sabah onların yerində ayı, canavar və ya digər yırtıcı da ola bilər. Çünki vəhşi heyvanlar artıq çoxdan bir sıra işbazların biznes marağına çevirilib. Yeri gəlmişkən bir vaxtlar rəsmi şəkildə bəyan edilmişdi ki, vəhşi heyvanların yeri zooparkdı və onları heyvanxanalardan kənar saxlamaq qadağandır. Amma bununla belə görürük ki, hələ də bəzi şadlıq evləri, əyləncə mərkəzi və ya restoranlarda təhlükəsiz heyvanlardan əlavə yenə də meymun, ayı, canavar, tülkü və digər vəhşi heyvanları şou nümayəndələrinə çeviriblər. Hələ bölgələrə gedərkən yol kənarlarında nümayiş etdirilən mini zooparklarda az qala pələng də saxlayırlar, təki adamların diqqətini cəlb edə bilsinlər, təki bundan kimlərsə pul çıxara bilsinlər. Amma bu cür təhlükəli heyvanların adi bir təsadüf nəticəsində insanların həyatına son qoya biləcəyi ehtimalı heç kimi qayğılandırmır. Təsəvvür edin də, meşə həsrəti ilə yanıb-yaxılan, üstəlik hər gün onu hirsləndirənlərdən acıq çıxmaq üçün bağrı partlayan bu ayı azadlığa çıxsa nələr edər. Yaxşısı budu bunu təsəvvür etməyin. Ehtiyatlı olun, bir gün avtobusdan ayı boylandığını görsəniz təəccüblənməyin. anspress.com
|