Güləşçilərimizin Turində uğurlu çıxışı davam edir İtaliyanın Turin şəhərində tələbə güləşçilərin IX Dünya çempionatı davam edir. Növbəti yarış günündə yığma komandamız yunan-Roma güləşi üzrə 1 qızıl və 1 bürünc medala sahib olub.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 55 kq çəki dərəcəsində Orxan Əhmədov yapon Tsubasa Oqata (3:0, 1:0) və xorvat İvan Lonçariç (4:0, 6:0) ilə görüşdən tam üstünlüklə qalib ayrılıb. Yarımfinalda rusiyalı rəqibi İvan Blattsevlə gərgin keçən görüşdə (1:0, 0:1, 0:2) uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Belaruslu İvan Huzau üzərində (1:0, 1:0) üstünlük əldə edən təmsilçimiz tələbə güləşçilərin 9-cu Dünya çempionatında bürünc medal qazanıb.
66 kq çəkidə bütün rəqiblərindən üstün olan Rəsul Çunayev çempionatın qızıl medalına yiyələnib. Keçirdiyi bütün görüşlərdə rəqiblərinə 1 xal belə verməyən təmsilçimiz ümumilikdə 33:0 hesabı ilə qalib gəlib. Əvvəlcə italiyalı Tiziano Korriga (3:0, 7:0), türkiyəli Refik Ayvazoğlu (1:0, 2:0) və polşalı Mateusz Vankeni (6:0, 8:0), finalda isə macar Balint Korpasini (1:0, 5:0) tam üstünlüklə məğlub edən Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edirlər. Heyətdə Orxan Əhmədov (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Çunayev (66 kq), Samuray Mustafayev (74 kq), Şəhriyar Məmmədov (84 kq) və Səbuhi Hümbətov (96 kq) yer alıb.
Xatırladaq ki, tələbə güləşçilərin 9-cu Dünya çempionatında sərbəst güləşçilərimiz İbrahim Yusubov (74 kq) gümüş və Azər Paşayev (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərin mübarizəsində yeganə təmsilçimiz Gözəl Zutova (63 kq) isə beşinci olub.