Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Polşada kayak və kanoe üzrə dünya çempionatı davam edir. Bu gün 2 nəfərlik qayığda çıxış edən kanoeçilərimiz Sergey Bezuqliy və Maksim Prokopenko dueti 500 metr məsafəyə yürüşdə çempionatın mükafatları uğrunda mübarizə aparıb. Yürüşün favoritlərindən sayılan duetimiz VI cığırda starta uğurlu başlamasa da, tədricən təşəbbüsü ələ ala bilib. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə final yürüşündə gümüş medala sahib çıxıb.
Gərgin mübarizə şəraitində keçən həlledici yürüşdə qələbəni Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) dueti əldə edib. Onlar finişə 1 dəqiqə 40 saniyə 781 mikrosaniyəyə çatıblar. Nəticədə rumıniyalı duet 1000 metr məsafədə olduğu kimi, 500 metr məsafədə də dünya çempionu adına yiyələnib. Bezuqlıy – Prokopenko dueti isə seçmə mərhələ yürüşündə 6,68 saniyə arxada qoyduğu Dumitresku – Mixalaki cütlüyündən finalda 0,496 saniyə geridə qalıb. Daha dəqiqi, kanoeçilərimiz 1 dəqiqə 41 saniyə 277 mikrosaniyə nəticə göstəriblər. Onlar Pavel Petrov – Aleksandr Kostoqlod (Rusiya) duetini son anda 68 mikrosaniyə geridə qoymağı bacarıblar.
Bundan öncə kanoeçi cütlüyümüz 1000 metr məsafəyə final yürüşündə 5-ci yeri tutub.
Qeyd edək ki, 2 – 4 iyulda İspaniyanın Trasona şəhərində təşkil olunmuş Avropa çempionatında da Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.