Güləşçilərimiz Avropa çempionatında ümumilikdə 10 medal qazandılar Bakıda güləş üzrə Avropa çempionatı başa çatdı. Ümumilikdə pəhləvanlarımız 10 medal qazanmaqla yeni bir tarix yazdılar. Ötən ilki Avropa çempionatında güləşçilərimiz 9 medal qazanmışdı - 5 qızıl, 2 gümüş, 2 bürünc. Bu dəfə medalların sayı və əyarı daha da artdı. 7 qızıl, 2 gümüş, 1 bürünc medala sahib olan pəhləvanlarımız Avropa çempionatları tarixində yeni bir səhifə açdılar.
Qızıl medalları müvafiq olaraq, sərbəst güləş üzrə Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Xetaq Qazyumov (96 kq), qadın güləşi üzrə Sona Əhmədli (59 kq), Nadejda Sementsova (67 kq), yunan-Roma güləşi üzrə Elçin Əliyev (55 kq) və Həsən Əliyev (60 kq) qazanıb.
Yunan-Roma güləşi üzrə Elvin Mürsəliyev (74 kq) və sərbəst güləş üzrə Şərif Şərifov (84 kq) gümüş, Çamsulvara Çamsulvarayev (74 kq) isə bürünc medala yiyələnib.