Ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə gedənlər isə 3500 manat ödəyəcək Qafqaz Müsəlmanları İdarəsi Həcc mövsümünün başlandığını elan edir. Bu il Həcc ziyarətinə getmək istəyən müsəlmanlar artıq Qafqaz Müsəlmanları İdarəsinə müraciət edə bilər. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, artıq azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Hətta idarəyə bir neçə müraciət də daxil olub. Onun sözlərinə görə, Həcc ziyarəti üçün yola çıxmaq noyabr ayında baş tutacaq. Müqəddəs Payızov bildirib ki, bu il Həcc ziyarəti üçün qiymət dəyişikliyi baş verməyib. Belə ki, Həcc ziyarətində iştirak etmək istəyən şəxslər, ötən il olduğu kimi, avtobusla və təyyarə ilə yola salınacaq. Ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə gedənlər isə 3500 manat ödəməli olacaq. Onun sözlərinə görə, bu il Həcc ziyarəti üçün Azərbaycan zəvvarlarına ayrılan kvotada da dəyişiklik baş verməyib. Belə ki, ötən il olduğu kimi, bu il də 2000 azərbaycanlı Həccə gedə bilər.
|