Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Mart » 9 » Günün xəbərləri.(9 mart)
Günün xəbərləri.(9 mart)
18:05

Bakı-Aşqabad-Bakı aviareysi açılacaq

Azərbaycan və Türkmənistan paytaxtları arasında birbaşa aviaəlaqənin açılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir. Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov məlumat verib.

“Biz ümid edirik ki, yaxın vaxtlarda məsələnin ətraflı müzakirəsindən sonra Bakı- Aşqabad-Bakı aviareysi açılacaq, - deyə səfir bildirib.

T.Komekov xatırladıb ki, bu yaxınlarda tərkibinə “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələrinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti Aşqabadda olub. Onun sözlərinə görə, hazırda Türkmənistan və Azərbaycan arasında aviareysin açılması haqqında sazişə baxılması üzrə məsələlər öyrənilir.

Bakıda yollar genişləndirilir

Bakıda avtomobil yollarının ərazisi genişləndirilir. Təmir işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Bu barədə ANS PRESS-ə İcra Hakimiyyətinin əməkdaşı, iş icraçısı Zahir Qədirov məlumat verib.

“Artıq bir neçə gündür ki, Mikayıl Müşviq dairəsindən Mətbuat prospekti və "20 Yanvar" metrosstansiyası istiqamətində yollarda təmir işləri aparılır. Paytaxtda tıxaclar nəzərə alınaraq, yollar 1 metr genişləndirilir. Yolların səki daşları yenilənir”, - deyə Zahir Qədirov vurğuladı.

Ermənilərin qətlə yetirdiyi 10 yaşlı Ağdam sakini bu gün dəfn edilib

Erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində həlak olan, Azərbaycanın Ağdam rayonunun 10 yaşlı sakini bu gün torpağa tapşırılıb. ANS TV-nin məlumatına görə, Fariz Arzu oğlu Bədəlov rayonun Orta Qərvənd kəndindəki qəbiristanlıqda dəfn edilib.

Xatırladaq ki, Fariz Arzu oğlu Bədəlov ötən gün saat 16.10 radələrində ermənilərin işğalı altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində həlak olub. F.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.

Onu da qeyd edək ki, Fariz Bədəlov qonşuya gedərkən erməni gülləsinə tuş gəlib.

Allah rəhmət eləsin!

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edir

Bakı şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) yollarda aparılan təmir-bərpa işlərilə əlaqədar sürücülərə xəbərdarlıq edib. BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Mikayıl Müşviq dairəsindən Mətbuat prospekti istiqamətində və "20 yanvar" metrosstansiyası yaxınlığında yollarda aparılan təmir-bərpa işlərilə bu istiqamətdə hərəkət edən sürücülər diqqətli olmalıdırlar.

"Bundan başqa, Ziya Bünyadov prospektilə Alı Mustafayev küçəsinin kəsişməsində, 3-cü mikrorayon dairəsində yollarda aparılan yenidənqurma işlərilə əlaqədar maşınların hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər”, - deyə Vaqif Əsədov qeyd edib.

Nəsimi rayonunda maşın piyadanı vurub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölüm hadisəsi martın 8-də saat 10.35 radələrində Nəsimi rayonu M.Qaşqay küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Arif Namazov idarə etdiyi "KİA" markalı avtomaşınla Zəngilan rayon sakini Cavanşir Cəfərovu vurub. Nəticədə C.Cəfərov elə hadisə yerində ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Yığmamız FİFA reytinqində gerilədi

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamız ötən ayla müqayisədə bir pillə geriləyib. Hazırda millimiz 100-cü pilləni tutur. Komandamızın aktivində 320 xal var.

Komandamızın AVRO-2012-nin seçmə qrup mərhələsindəki rəqibləri - Almaniya 3-cü , Türkiyə 32-ci, Avstriya 61-ci, Belçika 62-ci, Qazaxıstan isə 132-ci pillədə yer alıb.

FİFA-nın reytinq siyahısındakı ilk “onluq”da yer almış komandaları nəzərinizə çatdırırıq: İspaniya, Hollandiya, Almaniya, Argentina, Braziliya, İngiltərə, Uruqvay, Xorvatiya, Portuqaliya və Yunanıstan.

Qeyd edək ki, FİFA növbətini reytinq siyahısını aprelin 13-də açıqlayacaq.

Kürdəmir sakinini ayaqqabısına qədər soydular

Bakıda soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə martın 8-i saat 02:30 radələrində olub.

Sumqayıt şossesində 2 naməlum şəxs Kürdəmir rayon sakini Nofəl Məmmədovu “VAZ-21011” markalı avtomobilə sərnişin qismində mindirib. Onlar Sulutəpə qəsəbəsi yeni yaşayış sahəsinə çatdıqdan sonra onu bıçaqla hədələyərək pulunu, gödəkçəsini, ayaqqabısını, qol saatını və mobil telefonunu alıblar.

Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri Namiq Rəcəbov və Nurlan Qasımov idarə etdikləri “VAZ-21011” markalı avtomobillə birlikdə yaxalanıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakıda sərnişin avtobusu qaçırıldı

Bakıda mikroavtobus qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi martın 6-da Yeni Günəşli yaşayış sahəsi, “Q” massivində baş verib.

Bakı şəhər sakini İsa Baxşəliyevin idarə etdiyi 103 saylı marşrut xətti ilə hərəkət edən “Mercedes” markalı mikroavtobus qaçırılıb. Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mikroavtobusu qaçırmaqda şübhəli bilinən, Şamaxı rayon sakini Vüqar Atakişiyev martın 8-də tutulub.

Faktla bağlı araşdırma davam etdirilir.

8 martda arvadını öldürərək "təbrik etdi"

Azərbaycanın Füzuli rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Rəşid Vəliyev arvadı Xəyaləni bıçaqla qətlə yetirib. Qanlı hadisə rayonun 7-ci Qayıdış qəsəbəsində baş verib. R.Vəliyev qətli qısqanclıq zəminində törədib.

Polis əməkdaşları R.Vəliyevi yaxalayaraq istintaq orqanına təhvil verib. Fakrtla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bakıya yağış, rayonlara qar yağacaq

Bakıda və Abşeron yarımadasında həftəsonuna kimi yağıntılı hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə,
martın 10-da havanın buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.

Martın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yağış yağacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcəck. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Martın 11-də də də fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı,səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Şamaxı-Muğanlı yolu sürüşüb

Azərbaycanın Şamaxı rayonunda sürüşmə hadisəsi baş verib. Rayonun Muğanlı kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Şamaxı-Muğanlı yolunda qeydə alınıb.

Sakinlərin sözlərinə görə, adıçəkilən yolda hər gün bir neçə santimetr sürüşmə qeydə alınır. Ötən gün isə sürüşmə təqribən 15-20 sm olub.

“Yoldan bir maşın bir neçə saniyəyə keçməlidir. Ancaq indi maşınlara yolun bu hissəsini keçmək üçün 20-25 dəqiqə vaxt tələb edilir”, deyə kənd sakini Nadir Rəsulov qeyd edib.

Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədri Ağamusa Zahidov ANS PRESS-ə açıqlamasında adıçəkilən yolda sürüşmə olduğunu təsdiqləsə də, maşınların hərəkətində problem olmadığını bildirib.

“Yol bağlanmayıb, avtomobillər hərəkət edirlər. Bu yol əvvəlcədən sürüşmə ərazisi olub. Yolu təmir edən şirkətə bu barədə məlumat verilib. Sadəcə olaraq indi hava yağmurludur”, deyə FHK sədri qeyd edib.

A. Zahidov hava düzələn kimi yolun təmir ediləcəyini bildirib. Onun sözlərinə görə, tikinti şirkəti əvvəlcə yolun bu ərazidən keçən hissəsini dəyişmək istəyib. Ancaq maliyyə çatışmazlığı üzündən bu problem həll edilməyib. Gələcəkdə isə yolun istiqamətinin dəyişdirilməsi, asma körpü salınması nəzərdə tutulub.

Bakıda beşmərtəbəli binada yanğın,1 nəfər ölüb

Bu gün səhər saatlarında Bakının Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 1 saylı çağırışla yanğınsöndürən maşınlar yollanıb. Yanğın artıq söndürülüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın zamanı evdə olan 1 nəfər hadisə yerində ölüb. Onun kimliyi hələlik məlum deyil.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın beşmərtəbəli binanın beşinci mərtəbəsində qeydə alınıb.

Yanğının səbəbləri məlum deyil.

***

Nizami rayonu Polis İdarəsi 25-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Nəsimi küçəsi 27 ünvanında baş verib. Orada yaşayan 51 yaşlı Fuad İsmayıl oğlu Quliyev yanaraq ölüb.

Piyadanın ölümünə səbəb olan sürücü qəza yerindən qaçıb

Bakının Nizami rayonu ərazisində piyadanının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Babək prospektində qeydə alınan qəzada sürücüsü müəyyən edilməyən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 38 yaşlı Həsənov Sulduz Mayıl oğlunu vurub. Piyada Sulduz Həsənov ətrafda olanların yardımı ilə yaxınlıqda yerləşən “Azərsutikinti”nin xəstəxanasına aparılsa da, yolda dünyasını dəyişib.

Qəzanın baş verdiyi ünvanda müayinələr aparan polis hadisəyə səbəb kimi piyadanın qəfildən sürətlə hərəkət edən avtomobilin yoluna çıxması versiyasını irəli sürüb. Qeyd edək ki, hadisə yerindən qaçan sürücünün tapılması və qəzanın dəqiq səbəblərinin müəyyənləşməsi istiqamətində araşdırmalar davam edir.

İşıq dirəyini aşıran “Hyundai” “Mercedes”lə toqquşdu: 1ölü

Ötən gecə Bakıda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonu ərazisi, Ziya Bünyadov prospektində baş verib. Qəza Yolçuyeva Təranə Rafiq qızının idarə etdiyi “Hyundai” markalı avtomobilin idarəetmən itirərək işıq dirəyinə çırpılması və dirəyi aşırması nəticəsində baş verib.

Qeyd edək ki, “Hyundai” yolun əks tərəfi ilə hərəkət edən “Mercedes” markalı digər minik maşını ilə də toqquşub. Qəza nəticəsində xəsarət alan “Hyundai”nin sürücüsü Təranə Yolçuyeva, habelə “Mercedes”in sürücüsü Məmmədov Elçin Namiq oğlu və onun sərnişinləri 50 yaşlı Məmmədova Təranə Naib qızı, 3 yaşlı Babayeva Nuray Anar qızı və 1 yaşlı Məmmədli Dəniz Elgiz qızı müxtəlif dərəcəli xəsarətlərlə 1 saylı xəstəxanaya çatdırılıblar.

Sərnişinlərdən 50 yaşlı Təranə Məmmədova başından aldığı xəsarətlərlə həyatını itirib. Həkimlər hər iki sürücü ilə birlikdə iki azyaşlı körpənin vəziyyətinin nisbətən qənaətbəxş olduğunu bildirib.

İlkin versiyaya görə qəza yüksək sürət səbəbilə baş verib. Dəqiq səbəb isə aparılan araşdırma və təyin olunan ekspertizanın rəyindən sonra məlum olacaq.

Bakıda yas mərasimində partlayış

Bakıda yas mərasimində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 17.40 radələrində Xudu Məmmədov küçəsi 39 ünvanında baş verib.

Məlumata görə, yas mərasimi üçün qurulan mağara yaxınlıqda yerləşən meyvə-tərəvəz dükanından rezin boru ilə qaz xətti çəkilib. Bir müddət sonra isə borudan qaz sızıb və ani partlayış baş verib. Nəticədə ölən və xəsarət alan olmasa da, dükana 5-6 kvm. sahədə ziyan dəyib, pəncərə şüşələri dağılıb.

Hadisə yerində təhqiqat aparılır.

Bakıda film kimi olay...

Sərnişin tapança çıxardı, sürücü kaskadyorluq etdi, maşın divara çırpıldı...

Martın 8-də Bakıda quldurluq hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “NZS” qəsəbə sakini 1976-cı il təvəllüdlü Rasim Abbasov polisə müraciət edib. O, müraciətində fiziki zorakılığa məruz qaldığını bildirib.

Belə ki, gecə saatlarında R.Abbasovun taksi kimi istifadə etdiyi avtomobilə tanımadığı şəxs sərnişin kimi oturaraq onu mənzil başına çatdırmasını xahiş edib. Bir qədər keçdikdən sonra isə həmin şəxs tapança çıxararaq sürücünü hədələməyə başlayıb. Vəziyyətin gərginləşdiyini görən 35 yaşlı taksi sürücüsü orijinal çıxış yolu tapıb. O, qəflətən qapını açaraq hərəkət edən avtomobildən özünü atıb və oradan qaçıb. Avtomobil isə silahlı sərnişinlə birgə divara çırpılıb. Yüngül xəsarətlər almış həmin şəxs dərhal hadisə yerindən uzaqlaşıb.

Hazırda həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Bakıda 21 yaşlı fəhlə faciəli şəkildə öldü

Bakıda 21 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbə ərazisindəki “Dalğa EİM”-ə məxsus plasmas və vulkanizasiya olunmamış rezinlərin emal sexində, orada fəhlə işləyən 1990-cı il təvəllüdlü Yevlax sakini Əbilov Qafur Qiyas oğlu ölüb. O, hündürlüyü təxminən 5 metr olan beton meydançadan yıxılıb və aldığı xəsarətdən keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Quba məzarlığında təhlükəli vəziyyət yaranıb

Son günlər yağan güclü qar nəticəsində ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın yeganə şahidi olan Quba məzarlığının şərq hissəsində təhlükəli vəziyyət yaranıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib.

Q. Ağayev bildirib ki, məzarlığın həmin hissəsində nəmişlik həddindən artıqdır, bu isə əraziyə yaxın yerləşən sümüklərlə dolu quyu üçün təhlükə yaradır: “Hazırda məzarlıqdakı sümüklərdə çürümə davam edir. Mümkün olan üsullarla bunun qarşısını almağa çalışırıq. Qarı qazıb altından torpağı çıxarır, sonra həmin torpağı sobanın yanında qurudulub quyunun divarlarına vurur, bununla da nəmişliyi qismən azaltmağa çalışırıq”. Q. Ağayev məzarlıqda tikinti işlərinin havalar istiləşəndən - Novruz bayramından sonra başlanacağını bildirib.

Qeyd edək ki, bu il aprelin 1-də Quba məzarlığının aşkar edilməsinin 4 ili tamam olacaq.

Yumurtanın bahalaşması ilə əlaqədar iş qaldırılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı toyuq yumurtasının pərakəndə satış qiymətində artım olduğu müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, toyuq yumurtasının qiymətinin artmasının səbəblərinin araşdırılması və süni qiymət artımının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və araşdırmalar aparılır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

14 şəhər və rayonda su təchizatı sistemi qurulacaq

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya xidmətlərinin təmin olunması işləri davam etdirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu layihənin həyata keçirilməsi ilə Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları, Mingəçevir, Xırdalan şəhərlərində su təchizatı və kanalizasiya sistemləri qurulacaq.

Tovuzda inək 3 bala doğub

Tovuz rayonunun Düz Cırdaxan kəndində maldarlıqda nadir rast gəlinən hadisə qeydə alınıb.

Lent.az-ın məlumatına görə, kənd sakini Şərif Həsənovun təsərrüfatında inək 3 bala doğub.

Təbiətdə iri buynuzlu heyvanın 3 bala doğması kifayət qədər nadir hadisə sayılır. Şərif Həsənovun sözlərinə görə, 14 yaşından bəri maldarlıqla məşğul olmasına baxmayaraq, bu günə kimi belə hala rast gəlməyib. O, hər 3 buzovun sağlam olduğunu bildirib.

Dünyanın muğam ustaları Bakıya toplaşır

Dünyanın muğam biliciləri yenidən Bakıya toplaşacaqlar. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, martın 14-dən 21-dək Bakıda “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək.

Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Tədbir çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcək.

Martın 14-də Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli açılışı olacaq, martın 15-də isə Azərbaycan Tarix Muzeyində “Azərbaycan muğamı və Orta Şərq musiqisi” elmi simpoziumu öz işinə başlayacaq. Simpozium martın 17-dək Azərbaycan Bəstəkarlar İttifaqında davam edəcək. Burada tanınmış muğam biliciləri ustad dərsləri də keçəcəklər.

“Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində festival iştirakçıları və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına və “Arşın mal alan” operettasına tamaşa edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində muğamsevərlər Zabit Nəbizadə, Təyyar Bayramov, Cabir Abdullayev, Nəzakət Teymurova, Aygün Bayramova və Simarə İmanovanın ifasında “Rast”, “Segah”, “Cahargah”, “Bayatı-şiraz”, “Şüştər” muğamlarını dinləyəcəklər. Musiqisevərlərə eyni zamanda iraqlı Hüseyn Əladhaminin ifasında “İraqi məqam”, özbəkistanlı Yıldız Turdıyevin ifasında “Şaşmakom”, türkiyəli Salih Turhanımın ifasında “Uzun hava”, hindistanlı İndrani Mukherjeenin ifasında “Raqa”, misirli Aicha Reduanenin ifasında “Nahda” və iranlı Salar Aghılının ifasında “Makam” təqdim olunacaq. Festival çərçivəsində xalq artisti Alim Qasımov ustad dərsləri keçəcək.

Festivalın proqramına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Tar, kamança və kamanlar”, “Zərbi muğamlardan mahnılara”, “Sarı gəlin” konsert proqramları, Bakı Caz Mərkəzində caz musiqisi axşamları, Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” adlı görüş-konsert və “Əsli və Kərəm” operasının nümayişi daxildir.

II Beynəlxalq muğam festivalının iştirakçılarının Dənizkənarı Milli Parkda Novruz bayramı şənliklərinə qatılması da nəzərdə tutulub.

“Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də Heydər Əliyev Sarayında qala-konsert proqramı ilə yekun vurulacaq.

"Oskar"ı sındırdı!

Bu il 4 nominasiyada "Oscar" mükafatına layiq görülən "Kral danışır" filminin prodüsserlərindən olan Simon Eganın kiçik qızı, bütün Hollivud ulduzlarının xülyalarını bəzəyən "Oskar" heykəlciyini sındırıb.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin yaradıcı heyəti mərasimin səhəri günü, uğurlarını qeyd etmək üçün Eganın evində bir araya gəlib. Şənlik hovuz ətrafında düzənlənib. Eganın 15 aylıq qızı Lara "Oskar" heykəlciyinə çox maraq göstərdiyindən, atası onu heykəlciklə birgə videoya çəkmək istəyib. Lakin heykəlcik kiçik Laraya ağır gəlib və əlindən salaraq heykəlciyi qırıb.

"Skype"da toy

ABŞ-ın Kaliforniya ştatından olan gənc qeyri-adi yolla ailə həyatı qurub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Samuel Kim və helen adlı gənclər "Skype" sisteminin köməyi ilə evləniblər. "Online" nigaha səbəb toy günü bəyin qəfildən xəstəxanaya düşməsi olub.

Kimin sözlərinə görə, xəstəxanaya düşəndən sonra nişanlısından toyu təxirə salmağı xahiş edib. Ancaq gəlin bunu etməkdən imtina edib və "online" evlənməyi təklif edib. Nəticədə gəlin kilsədə, bəy isə xəstəxanada olarkən toy keçirilib. Videokörpü sayəsində keçirilən toyun şahidi 500 nəfər olub.

Qeyd edək ki, Kim və Helenin toyu "Skype"la keçirilən ilk nigah olmayıb. Ötən ilin yaz aylarında İslandiyada baş verən vulkan püskürməsi nəticəsində Dubaydakı mehmanxanada qalan britaniyalı gənclər videobağlantı sayəsində evlənmişdilər.

Braziliyada karnaval günlərində 160-dan çox adam ölüb

Braziliyada karnaval bayramlarının keçirildiyi günlərdə 3020 yol qəzası baş verib, 166 adam ölüb. Bu barədə məlumatı Braziliyanın federal yol polisi (PRF) yayıb. Qurumun məlumatına görə, yol-nəqliyyat hadisələri zamanı 1783 nəfər xəsarət alıb.

Bu il dörd gün ərzindəki tələfat ötən ilin göstəricilərini üstələyib. Ötən il karnavalın keçirildiyi həftə ərzində ölkənin yollarında 143 nəfər ölmüşdü.

Bayram günlərində sürücülərin alkoqol qəbul edib-etmədiyi kütləvi şəkildə yoxlanılıb. Statistikaya görə, qəzalar daha çox bu üzdən baş verir. Sərxoş olduğu aşkarlanan sürücülərin sayı dəqiqləşdirilir.

Braziliyada karnaval rəsmən bu gün öaşa çatır. Lakin Rio-de-Janeyroda bayramın kulminasiyası hərə qabaqdadır. Bazar gününə keçən gecə bu ilkin yarışlarda 1-6-cı yeri tutan samba məktəbləri məşhur Sambodroma bu dəfə qaliblərin ənənəvi paradında çıxacaqlar. Bu il karnavalın yekun şousunda 70 mindən artıq tamaşaçılının iştirak edəcəyi gözlənilir.

"Aşk-ı memnu"nun "Behlül"ü Azərbaycana gəlir

Məşhur türk serialı “Aşk-ı Memnu”dan Azərbaycan tamaşaçısına tanış olan “Behlül”, yəni aktyor Kıvanç Tatlıtuğ Azərbaycana gəlir. Türkiyənin Azərbaycandakı səfirliyinin kültür tanıtma müşavirliyinin əməkdaşı Nizami Zöhrabinin ANS PRESS-ə verdiyi məlumata görə, aktyor Bakıya martın 11-də gələcək və martın 12-də geri dönəcək.

Aktyorun ölkəmizə gəlişinin məqsədi martın 18-dən aprelin 26-dək Bakıda təşkil ediləcək “İstanbul Shopping Festivalı”nın (İstanbul Yarmarka Festivalı) tanıtımı məqsədilə keçiriləcək mətbuat konfransına qatılmaqdır. Mətbuat konfransı martın 11-də Hyatt Park otelinin Şuşa zalında keçiriləcək.

Qeyd edək ki, Kıvanc Tatlıtuğ “İstanbul Shopping Festivalı”nın Orta Şərq üzrə nümayəndəsi seçilib.

Bu gün Çempionlar Liqasında növbəti matçlar keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 qarşılaşması keçiriləcək. Çempionlar Liqasının yeddiqat qalibi “Milan” artıq bu gün turnirlə vidalaşa bilər. “Milan” doğma meydanda 0:1 hesabı ilə məğlub olduğu “Tottenhem”lə bu dəfə Londonda qarşılaşır.

Günün ikinci matçında isə Almaniyanın “Şalke” klubu İspaniyanın “Valensiya” klubunu qəbul qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasında oynanılmış ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Roberto Saldado “Valensiya”nı hesabda önə çıxarsa da, ispanlar üstünlüklərini sonadək qoruya bilməmişdi. Belə ki, ispaniyalı futbolçu Raul “Valensiya”nın qapısına yol tapmışdı.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Kateqoriya: Muxtelif | Baxılıb: 905 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024