“AzNar”ın məhsulları ABŞ, Kanada, Almaniya, Yeni Zelandiya, Yaponiya, Rusiya və Gürcüstana ixrac olunur Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” ASC-nin beynəlxalq əlaqələri genişlənir. Nar emalı zavodunda istehsal edilən məhsullar dünya bazarına çıxarılır. Belə ki, zavodun məhsulları bu gün artıq ABŞ, Kanada, Almaniya, Yeni Zelandiya, Yaponiya, Rusiya və Gürcüstana ixrac olunur. Xarici ölkələrə əsasən nar və alma şirəsi, heyva cemi göndərilir. Ötən il müəssisənin 1 milyon 28 min manatlıq mal dövriyyəsi olub. Bunun 937 min 889 manatı xarici ölkələrə göndərilən məhsulların payına düşür. Bu, əvvəlki ildəkindən 2 dəfə çoxdur. 96 işçinin çalışdığı müəssisədə orta aylıq əmək haqqı 200 manatdır. Qeyd edək ki, son iki ildə Moskva və Kiyev şəhərlərində keçirilmiş beynəlxalq qida məhsulları sərgilərində keyfiyyət nominasiyası üzrə qızıl medallar qazanan “AzNar” ASC Göyçayda 520 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 226 min ağac tingi əkilib.
|