Rayon 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunub Füzuli rayonunun işğalından 17 il keçir. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.
Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.
2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.
4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.