Eldar və Nigar finalda 19-cu çıxış edəcək Azərbaycan təmsilçiləri Eldar və Nigar Düsseldorfda “Eurovision-2011” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıblar. Onların yarımfinalda “Running Scared” mahnısı ilə çıxışı uğurlu alınıb. Birinci yarımfinalda 19 iştirakçı ölkədən olan müğənnilər çıxış ediblər. Tamaşaçı səsverməsi və peşəkar münsiflərin qərarı ilə 10 iştirakçı finala vəsiqə qazanıb. Təmsilçilərimizlə yanaşı, rusiyalı Aleksey Vorobyov, serbiyalı vokal ifaçısı Nina, litvalı müğənni Evelinv Sasenko, yunan artistlər Lukas Yorkas və Stereo Mayk, Gürcüstanın rok-qrupu “Eldrine”, isveçrəli Anna Rossinelli, macar Kati Vulf, finlandiyalı Paradis Oskar və İslandiyadan olan “Sjonni's Friends” kollektivi finalda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, Ermənistanı təmsil edən Emmi mübarizəni yarımfinalda dayandırmalı olub. Türkiyənin "Yüksek Sadakat" qrupu da finala çıxa bilməyib.
“Eurovision-2011” mahnı müsabiqəsində finalına vəsiqə qazanan Azərbaycan təmsilçiləri finalda 19 nömrə altında çıxış edəcəklər. ANS PRESS-in məlumatına görə, dünən müsabiqənin yarımfinal mərhələsi başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Duetimizin finalda çıxış edəcəyi sıra nömrəsi də bu püşkatmada məlum olub.
Azərbaycanla bərabər finala keçən Finlandiya 1, Litva 4, Macarıstan 5, Yunanıstan 6, İsveçrə 13, Rusiya 10, İslandiya 21, Gürcüstan 25, Serbiya 24 nömrə altında çıxış edəcək.
Finala yarımfinallara qatılmadan birbaşa keçən 5 ölkənin çıxış nömrəsi artıq yanvar ayından məlumdur. Bu ölkələrin iştirakçıları səhnəyə aşağıdakı ardıcıllıqla çıxacaq: Fransa 11, İtaliya 12, Böyük Britaniya 14, Almaniya 16, İspaniya 22.
Qeyd edək ki, sabah-mayın 12-də Düsseldorf “Esprit Arena”da keçiriləcək II yarımfinalda da 19 ölkə yarışacaq. Hər iki yarımfinaldan qalib çıxan 20 ölkə, finala birbaşa düşən Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq. Beləliklə, mayın 14-də baş tutacaq final konsertində 25 ölkə təmsilçisi birincilik uğrunda yarışacaq.
Final konserti mayın 14-də keçiriləcək.