İlk pillədə Çin lideri qərarlaşıb "Forbes" dünyanın ən nüfuzlu insanlarının yeni siyahısını tərtib edib. Planetin ən qüdrətli insanı adına dünya əhalisinin 1/5-nə, ABŞ-dan sonra dünyanın ən böyük iqtisadiyyatına malik Çin Xalq Respublikasına rəhbərlik edən Xu Tsintao layiq görülüb. İkinci pillədə ABŞ prezidenti Barak Obama, üçüncüdə isə Səudiyyə Ərəbistanı kralı Abdulla bin Abdul Əziz qərarlaşıb.
Dördüncü və beşinci pilləni isə müvafiq olaraq Rusiyanın Baş naziri Vladimir Putin və Roma Papası XVI Benedikt bölüşür. İlk onluqda Almaniya kansleri Angela Merkel, Britaniyanın Baş naziri Devid Kameron, "Microsoft"un rəhbəri Bill Qeyts və başqalarının adları var.
Dünyanın ən nüfuzlu 69 insanının adı daxil edilən siyahıda Rusiya prezidenti Dmitri Medvedev isə 12-ci olub.
"Forbes"in siyahısında qanunsuz işlərlə məşğul olanların da adları var. Belə ki, "Əl Qaidə" terror təşkilatının lideri Üsama Bin Laden 57-ci, İnterpoll tərəfindən axtarılan meksikalı narkobaron Xoakin Qazman isə siyahının 54-cü pilləsində yerləşiblər.