Çin səddinin uzunömürlülüyünün səbəbi bilindi Bununla da zəlzələyə davamlı binaların tikintisi üçün yeni üsul kəşf edilib.
Yüz illərdir dağılmadan olduğu kimi qalan, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddinin sirri açılıb.Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub.
Professorun araşdırmaları zamanı məlum olub ki, Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir.
O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib
Qeyd edək ki, Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək uzadılıb. Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlayıb.
Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrdən biridir. Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Böyük Çin səddi kosmosdan da müşahidə edilir.