Peyğəmbər (s.ə.s) buyurur: "Cümə Allah yanında günlərin ən üstünüdür". "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! ("Cümə" surəsi, ayə 9)".
Peyğəmbər (s.ə.s) buyurur: "Cümə Allah yanında günlərin ən üstünüdür. O hətta Fitr və Qurban bayramları günlərindən də üstündür".
Cümə namazından ən başlıca məqsəd həftədə bir dəfə olsa belə, müsəlmanları bir araya gətirmək, onlara dini nəsihətlər vermək, bu istiqamətdə maarifləndirmək, dini və dünyəvi çətinliklər ilə maraqlanıb müzakirə etdikdən sonra həll etməkdir.
Cümə namazı imamla birlikdə ən azı, beş nəfərlə qılınır. Qadınlara vacib olmasa da iştirak edə bilərlər. Cümə namazını qılan şəxslər zöhr namazını qıla da bilərlər, qılmaya da.
Camaat namazına şamil olan şərtlər cümə namazına da aid olunur. Bir fərqlə ki, cumə namazına imamlıq edən şəxs mütləq kişi olmalıdır. Heç bir üzürü olmayan şəxs cümə namazlarında mütləq iştirak etməlidir.
Şəhər böyük olduqda iki cümə namazı qılınan yer arasındakı məsafə ən azı, altı kilometr olmalıdır. Məscid olmadıqda çadırlar qurub cümə namazını qılmaq lazımdır.
Səfərdə olan şəxs cümə namazında iştirak edə bilər, lakin bu halda o, artıq zöhr namazını qılmamalıdır.
Cümə namazının vaxtı
Cümə namazı günəş üfüqün ortasından keçdikdən sonra başlayır və əşyanın kölgəsi iki addıma çatana qədər davam edir.Cümə namazının xütbələri namazın vaxtı keçənə qədər uzanmamalıdır. Əks halda, zöhr namazı qılınmalıdır. Çünki cümə namazının vaxtı keçdikdən sonra qəzası qılınmır. Vaxt azlığı üzündən cümə namazı qılınmadıqda və ya təxirə salındıqda mütləq zöhr namazı qılınmalıdır.
Cümə namazı qılmağın qaydaları
Cümə namazı iki rükət qılınır. Yaxşı olar ki, "Həmd" ("Fatihə" surəsi) və surə uca səslə oxunsun. Daha yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra cümə, ikinci rükətdə isə "Münafiqun" surəsi oxunsun.
Cümə namazında iki qunut tutulur. Onlardan biri birinci rükətdə rukudan əvvəl, digəri isə ikinci rükətdə rukudan sonra tutulur. Namazdan əvvəl iki vacib xütbə oxunur və bu xütbələr namazın özü qədər vacibdir.
Xütbələr yalnız imamın özü tərəfindən oxunur. Xütbələr oxunmadan cümə namazı gerçəkləşmir.
Hər iki xütbə Allaha həmd səna etmək (Allaha şükür etmək), Peyğəmbər (s.ə.s) və onun Əhli-beytinə salavat göndərmək və insanları təqvaya (günahdan çəkindirməyə) çağırışla başlayır. Sonra kiçik surələrdən biri oxunur. İmam təqvalı, fəsahətli (gözəl danışıq qabiliyyətinə malik olmalı), həmçinin dini elmlər və dünyəvi hadisələr barədə məlumatlı olmalıdır.İmam iki xütbə arasında bir qədər oturmalıdır.
İmam xütbələri ayaq üstə və uca səslə oxumalıdır. Namazda iştirak edənlər namaz halında olduğu kimi, xütbəni dinlədikləri zaman da imama diqqətlə qulaq asmalı və üzlərini qiblədən yana qədər çevirməməlidirlər.
İmam xütbələrində dini və dünyəvi məsələlər haqqında danışmalı və aidiyyəti olmayan mövzulara toxunmamalıdır. İlin fəslindən asılı olmayaraq imam əba geyinib əmmamə qoymalı və əlinə əsa almalıdır.