İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının ¼ final mərhələsinin püşkü atılıb. 8 klub hər birində 4 kollektiv olmaqla 2 səbətə bölünüb.
İlk səbətdə “Barselona”, “Çelsi”, “İnter” və “Mançester Yunayted”, 2-ci səbətdə isə “Real”, “Şalke”, “Şaxtyor” və “Tottenhem” klubları yer alıb. Püşkün nəticəsinə görə “Real” ¼ final mərhələsində “Tottenhem”lə, “Çelsi” “Mançester Yunayted”lə, “Barselona” “Şaxtyor”la, “İnter” isə “Şalke” ilə qarşılaşacaq.
Qeyd edək ki, "İnter" - "Şalke" cütünün qalibi yarımfinalda "Çelsi"- "Mançester Yunayted" cütünün qalibi ilə qarşılaşacaq. "Barselona" - "Şaxtyor" matçının qalibi isə "Real"- "Totenhem" cütünün güclü klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqasının ¼ mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə aprelin 12-13-də keçiriləcək. Yarımfinal mərhələsinin ilk matçları aprelin 26-27-də, cavab qarşılaşmaları mayın 3-4- də baş tutacaq. Çempionlar Liqasının qalibinin adına isə mayın 28-də Londonun "Uembli" stadionunda keçirilən oyunla aydınlıq gələcək.
Həmçinin, Avropa Liqasında da püşkatma keçirildi
İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə görə, 1/4 final mərhələsində üz-üzə gələcək klubları nəzərinizə çatdırırıq:
"Portu" - "Spartak",
"Benfika" – PSV,
"Vilyarreal" - "Tvente",
"Braqa" - "Dinamo" (Kiyev).
Qeyd edək ki, yarımfinal mərhələsində IV cütün qalibi - II cütün qalibi ilə, I cütün qalibi - III cütün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, ötən il Avropa Liqasının qalibi İspaniyanın “Atletiko” (Madrid) klubu olmuşdu.