İngilitərə iki bərabərlik və bir qələbə ilə çətin də olsa 1/8 finala çıxa bildi. Almaniyanı isə türk futbolçu 1/8 final mərhələsinə apardı. Sloveniya və Əlcəzair futbolçuları mundialı tərk etdi.
Futbol üzrə Dünya çempionatında C qrupunun oyunlarına yekun vurulub. “C” qrupunda dünən keçirilmiş matçlardan sonra İngiltərə və Amerika Birləşmiş Ştatlarının yığmaları da pley-off mərhələsinə vəsiqə qazanıb. Sloveniya və Əlcəzair futbolçuları isə mundialın iştirakçısından tamaşaçısına çevrilib.
İlk iki turda qələbəyə həsrət qalmış İngiltərə yığma komandası Sloveniya ilə ölüm dirim matçına çıxmışdı. Mundialın favoriti göstərilin ingilisləri yalnız qələbə qane etdiyindən, Fabio Kapellonun yetirmələri matç başlayan kimi hücuma atıldılar. Bir-birinin ardınca təhlükəli hücumlar yaradan ingilislər 23-cü dəqiqədə arzularına çatdılar. Cinah ötürməsini dəqiq zərbə ilə tamamlayan Cermeyn Defo hesabı açdı. Bu qol həlledcici oldu. Qalan dəqiqələr ərzində qapısının toxunulmazlığını təmin edən İngiltərə yığması adını 1/8 finala yazdırdı.
Qrupun digər oyunu isə dramatik hadisələrlə yadda qaldı. Əlcəzair Amerika Birləşmiş Ştatları komandalarının görüşündə afrikalılar debütdəcə hesabı açmağa yaxın oldular. Amma Cebburun zərbəsindən sonra qapı tiri Amerikalıları qoldan xilas etdi. Əvəzində Birləşmiş Ştatlar futbolçuları 19-cu dəqiqədə qol vurdular. Lakin, oyundan kənar vəziyyəti əsas gətirən hakim Dempsinin vurduğu qolu qeydə almadı. Amerikalıları yalnız qələbə qane etdiyindən ikinci hissədə məhz onlar bütün qüvvə ilə irəli atıldılar. Hətta, 56-cı dəqiqədə Dempsey əlcazairli futbolçuların müqavimətini qırmağa yaxın oldu. Bu epizodda qapı dirəyi afrikalı futbolçuların köməyinə gəldi. Okeanın o tayının futbolçuları qrup liderliyini və pley-off-a vəsiqəni yalnız son saniyələrdə əldə etdilər. Hakimin əsas vaxtda əlavə etdiyi dəqiqələrdə London Donovan Amerikanın qələbə topunu vurdu. 1-0 hesablı qələbə Birləşmiş Ştatların komandasını qrup liderliyi və pley off-a daşıdı.
Beləliklə, İngiltərə və ABŞ komandaları hərəyə 5 xal toplayıblar. Amma ABŞ millisi daha çox qol vurması səbəbindən qrupda birinci, İngiltərə isə ikinci olub.
Qana millisi məğlub olsa da, növbəti mərhələyə keçə bildi
Dünya Çempionatının D qrupunda Almaniya və Qana milliləri 1/8 final mərhələsinə vəsiqə qazanıblar. İki komanda arasında oyun almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 60-cı dəqiqədə Almaniya millisinin türk əsilli oyunçusu Məsud Özil vurub.
Qrupdakı digər qarşılaşmada isə Avstraliya millisi Serbiya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, Almaniya millisi 6 xalla qrup lideri olub. Qana və Avstraliya yığmaları isə üç xal toplayıblar. Lakin Afrika komandası top fərqi ilə 1/8 finala qədər irəliləyə bilib. Serbiya yığması isə üç xalla qrupda sonuncu yeri tutub.
1/8 final mərhələsində Almaniya İngiltərə ilə, Qana isə ABŞ-la qarşılaşacaq.İyunun 26-da C qrupunun lideri ABŞ Qananı sınağa çəkəcək. Rustenburq şəhərindəki “Royal Bafokeng” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:30-da veriləcək. Bundan bir gün sonra saat 19:00-da isə Almaniya - İngiltərə görüşü başlanacaq. Matç Blömfonteyn şəhərindəki “Free State” stadionunda olacaq.
Almaniya - İngiltərə oyununu vaxtından əvvəl final qarşılaşması adlandırırlar.