Şəhərimizdə güləş üzrə Avropa çempionatına start verilir Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş üzrə Avropa çempionatı start götürür. Azərbaycan Güləş Federasiyasının İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 13:00-da start götürəcək yarışda ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışda iştirak etmək üçün müraciət etmiş komandaların hamısı şəhərimizə gəlib. Onların qarşılanması və yerləşdirilməsi ilə bağlı heç bir çətinlik ortaya çıxmayıb.
55, 66, 84 və 120 kq çəkili idmançıların artıq ilk mərhələdə kimlərlə üz-üzə gələcəyi də müəyyənləşib. Mahmud Maqomedov ağırlığı 55 kq-dək olan güləşçilər arasında alman Marsel Evaldla qarşılaşacaq. 66 kq çəki dərəcəsində yarışan Cəbrail Həsənov ilk olarq ingilis Ceym Robertslə üz-üzə gələcək. 84 kq-da mübarizə aparan Şərif Şərifov isə Makedoniya güləşçisi Deyan Boqdanovla qarşı-qarşıya gələcək. 120 kq çəkili Əli İsayevin rəqibi isə belaruslu Aleksey Şemarov olacaq.
Bununla yanaşı, 60 kq çəki dərəcəsində çıxış edən Zəlimxan Hüseynov yarışda iştirak etməyəcək. Onun əvəzinə Avropa çempionatında Hacı Əliyev mübarizə aparacaq. Xatırladaq ki, Avropa çempionatının rəsmi açılış mərasiminə bu gün saat 18:30-da start veriləcək.