Bu gün Novruz bayramıdır. "Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.
Bəzi məlumatlara görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. İnanclara görə, süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır ki, ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir. Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir.
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.
Bu il Bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə, saat 03.21 dəqiqədə qədəm qoyacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, həmin dəqiqədə Azərbaycanda gecə-gündüz bərabərliyi qeydə alınacaq. Bundan sonra Günəş şimal yarımkürəsinə tərəf hərəkət edəcək, günlər uzanacaq.
Ə. Quliyev martın 20-sinin axşam həm də bayram axşamı hesab olunacağını bildirib.
Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.
BAYRAMINIZ MÜBARƏK!