Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında stajirovka keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
O, Eldar Quliyevin filminə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya Yaroslavna rollarını ifa edib.
1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı birinci Fəxri Xiyabanda dəfn olunub.