Başlıq » 2010»İyun»15 » Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
12:09
Heydər Əliyevin 17 il əvvəl yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın ən yeni tarixində növbəti uğurlu mərhələnin başlanğıcı olub
Bu gün Azərbaycanda Qurtuluş Günü kimi qeyd olunur. APA-nın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərmişdi. Lakin yürüdülən səbatsız siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatmışdı. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdi. Vətəndaş müharibəsi üçün ziddi zəminin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət edib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını öz üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil olub. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur.