Novruz bayramı üçün bayram süfrəsi açmaq orta statistik azərbaycanlı ailəsinə 134 manata başa gələcək. Bu, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertlərinin hesablamaları nəticəsində məlum olub. Novruz bayramı ərəfəsində İTM ekspertləri bayram süfrəsinin hansı məbləğə başa gələcəyini hesablayıblar. Bunun üçün bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə istehlak bazarında mövcud qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisəsi aparılıb. Mərkəzin təqdim etdiyi rəqəmlər Azərbaycanın 22 regionunda qiymətlər üzərində aparılmış statistik müşahidəyə əsaslanır. Hesablamalar göstərib ki, 4 nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi (şirniyyat, meyvələr, içkilər, yeməklər və s. daxil olmaqla) açmaq üçün minimum 134 manat xərcləməlidir. Hesablamalar göstərib ki, 2010-cu ilin mart ayının 15-nə olan müqayisəli məlumata görə, bu il bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə bahalaşma baş verib. İTM tərəfindən hazırlanan “Ailənin inflyasiya kalkulyatoru” (www.inf.erc-az.org) göstərir ki, 2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin mart ayına bayram süfrəsinin əsas komponentlərindən olan toyuq yumurtası 178,13%, sümüklü mal əti 31%, sümüklü qoyun əti 16,67%, sümüksüz mal əti 33,33%, soğan 113,33%, kartof 73,68%, fındıq 31,3%, qoz 22,22%, şabalıd 18,52%, şəkər tozu 17,70%, şəkər 19,85%, təmizlənmiş düyü 26,61%, alma 75%, armud 37,78%, ağ kələm 100%, buğda unu 14,29%, banan 18,75%, duzlu xiyar 50%, günəbaxan yağı 11,49% bahalaşıb. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı yağı, qara və yaşıl çay, süfrə duzunun qiymətində dəyişiklik olmayıb. Bu dövrdə ucuzlaşma yalnız meyvə şirəsində - 1,89% ucuzlaşma baş verib.
|