Məlumat
İqtisadi rayon Şəki-Zaqatala
Ərazi 920[1] km²
Əhali 87365[1] nəfər
Əhali sıxlığı 92 nəfər/km²
Nəqliyyat vas. kodu 08
Telefon kodu 119
Poçt kodu (Mərkəzi PŞ) AZ 0800
Yaşayış məntəqələrinin sayı 58
İcra başçısı Asif Məmmədov II
İnternet saytı http://www.balaken.az
Balakən - Azərbaycanın rayonudur. İnzibati mərkəzi isə Balakən şəhəridir.«Balakən» sözünün hərfi mənası «kiçik kənd» deməkdir.Bakı ilə arasında məsafə 394 km
Əhalisi 85300 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Marşrut avtobusları: Bakı-Balakən – 10 saat, Gəncə-Balakən, Şəki-Balakən; Qatarla - Bakı-Balakən- 12 saat
Harada qalmaq olar
Rayonda mehmanxana, Qonaq Evi və motel vardır.
Harada nahar etmək olar
«Şabalıdlıq» və «Katex» restoranları özünəməxsus yüksək xidmət göstərir.
Tarixi
Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.
Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.
Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tətqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.
XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir.
Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar.
XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur.
Balakən Çar Rusiyası dövründə
1783-cü ildə bağlanmış Georgievsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi.
1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general P. D. Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: "Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kompaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır". Lakin bu bölgənin - Car-Balakənin tabeçiliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir.
XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur.
Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi.
XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar.
Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərair yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə - kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar.
XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur.
Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərakatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən I Dünya Müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır.
Balakən SSRİ dövründə
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlalının elan olunması xəbəri Balakənə yetişəndə əhali bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşılayır. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi.
Belə bir çətin vəziyyətdə doğulduğu torpağın təşəbbüsünü çəkən öz dövrünün qabaqcıl və ziyalı adamları pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Demokratik Respublikasının yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. II Dünya Müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı dövlətin orden və medalları ilə təltif edildi.
Müharibədən sonrakı bərpa illərində balakənlilərin əmək cəbhəsində qazandığı uğurlar da böyük olmuşdur. Maraqlı faktdır ki, Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Keçən əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi.
Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur.
Balakən müasir dövrdə
Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.
Coğrafi mövqeyi
Balakən rayonu Azərbaycanın Şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşir. Təbii ehtiyat zənginliyinə, iqtisadi potensialına və mədəni irsinə görə fərqlənən Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), qərb və cənub-qərbdə Gürcüstan Respublikası, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Ərazisi 934 km2 olan Balakən rayonunun 46,4 min hektarını meşələr, 16,5 min hektarını Dövlət qoruğu, 15,7 min hektarını əkin sahələri, 5,8 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 32,5 min hektardır.
Rayonun relyefi şimalda və şimal-qərbdə dağlıq, cənubda isə düzənlikdir. Dağlar əsasən meşəli dağlardır və şimalda alp düzənliklərinə qədər uzanır. Ən hündür dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizminin, alpinizminin, dağ idman növlərinin inkişafına şərait yaradır. Həmçinin, Zaqatala Dövlət Qoruğunun üçdə iki hissəsi Balakən ərazisində yerləşir.
Ən hündür dağ zirvələri: Quton zirvəsi, Saqaltar zirvəsi
Aşırımlar: Qubek, Tinaroso (Suayıran)
Şəlalə: Katex şəlaləsi – hündürlüyü 20 m, eni 4 m-dir.
Təbiəti
Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.
Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.
Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
İqlimi
Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur.
Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.
Əhalisi
Balakən rayonunun 57 yaşayış məntəqəsində 83,7 min əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır.
1999-cu ilin 27 yanvar-4 fevral tarixləri arasında Azərbaycanda aparılmış siyahıya almanın yekunlarına əsasən Balakən rayonunun 83,732 nəfər əhalisinin 67,68%-ni azərbaycanlılar , 29,16%-ni Qafqaz avarları, 2,07%-ni gürcülər (ingiloylar), 0,28%-ni ruslar, 0,26%-ni ləzgilər, 0,05%-ni məshəti türkləri, 0,05%-ni tatarlar, 0,04%-ni ukraynalılar, 0,4%-ni isə digər millətlərin nümayəndələri təşkil edir.[1] Ümumiyyətlə rayonda 27 xalqın nümayəndəsi yaşayır .[2]
Rayonda yaşayan 83,732 nəfər əhalinin 10598 nəfəri (11,9%) şəhər, 77744 nəfəri(88,1%) isə kənd əhalisidir. Rayon əhalisinin 42581 nəfərini (48,2%) kişilər, 45761 nəfərini (51,8%) qadınlar təşkil edir. Əhalinin sıxlığı: km2-ə 94,39 nəfər düşür.
Əhalinin ümumi sayda 34,3 %-i 0-14 yaşda, 56,7 %-i 15-64 yaşda, 9 %-i isə 65 və yuxarı yaşdan olanlardır. Doğulanların sayı 498, ölənlərin sayı 346, təbii artım 152.
Qarabağ müharibəsi əlillərinin sayı 94, şəhid ailələrinin sayı 151, məcburi köçkünlərin sayı 265, qaçqınların sayı 138 nəfərdir.
Görkəmli şəxsləri
Məhəmməd Yaqubov
Fazil Yaqubov
Əli Ansuxski
Əhməd bəy Dibirov — çar ordusunun polkovniki.
Danel bəy Qallacov
Həsənağa bəy Katexli
Bəşir bəy Qallacov
Akif Məmmədli
Füzuli Hüseynov
Osman Gündüz
Hacı Heydərov
Həqiqət Hacıyeva
İsa Zeynal oğlu Hüseynov
Laləzar Mustafayeva
Mustafa Mustafayev
Münəvvər Kantayeva
Qeybulla Qeybullayev
Qurban Əhmədov
Rəbiyyət Aslanova
Rüfət Əhmədzadə
Telman Adıgözəlov
Tofiq Baharov
Yaqub Mahmudov
İqtisadi xarakteristikası
Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf etmişdir. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları vardır.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayon mədəniyyət və turizm şöbəsi 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma idarəsi, 1954 – cü ildən isə mədəniyyət şöbəsi kimi fəaliyyət göstərməyə başlamışdır.
Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində hazırda 37 klub tipli mədəniyyət müəssisəsi, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Bülbül adına Uşaq İncəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, MKS və onun 49 kənd kitabxana filialı, mədəniyyət və istirahət parkı, kino-video birliyi fəaliyyət göstərir.
Mədəniyyət müəssisələrində çalışan cəmi işçilərin 275 nəfəri azərbaycanlı, 83 nəfəri avar, 8 nəfəri ingiloy, 1 nəfəri ləzgi, 1 nəfəri rus, 1 nəfəri isə farsdır.
Balakəndə 14 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində rayonumuzda yaşayan hər bir millətin adət-ənənələri təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qabaqçöl qəsəbə mədəniyyət evində “Cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə “Şəlalə” rəqs studiyası yaradılmışdır. Rayonda keçirilən bütün bayram tədbirlərində onların çıxışlarına xüsusi yer verilir.
Katex kənd mədəniyyət evində teatr tamaşalarına daha böyük maraq göstərilir. Belə ki, mədəniyyət evinin işçilərinin və həvaskar dərnək üzvlərinin iştirakı ilə hazırlanmış C.Cabbarlının “Solğun çiçəklər”, Ə.Haqverdiyevin “Pəri cadu”, C.Məmmədquluzadənin
“Ölülər”, M.F.Axundovun “Dərviş Parisi partladır” və s. kimi tamaşaları ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Hal-hazırda onlar yeni əsər üzərində işləyirlər.
Balakənin özünəməxsus milli musiqi aləti vardır ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdiyi iki simli tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizləyən iməciliklərdə musiqi aləti kimi istifadə etmişdir.
Tamburdan həm kişilər, həm də qadınlar çalaraq haylalar söyləmiş, Balakənə məxsus yerli rəqsləri ifa etmişlər. Bu adət rayonun bir çox kəndlərində Mahamalar, Tülü, Talalar, Qabaqçöl zonalarında əsasən istifadə olunur və qorunub saxlanılır. Toy məclislərinin sonrakı günü, adət - ənənəmizə görə “ Təzə gəlin tökən çayı içmək ” üçün gələn qohumlar tanburun müşayiəti ilə əylənirlər. Keçən əsrin 30-cu illərindən Balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin haylaları (bayatıları) hələ də dillərdə əzbərdir.Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, şəbəkə hazırlanması, ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, dulusçuluq və zərgərlik kimi xalq sənəti peşəkarlığı geniş yayılmışdır. Öz sənətini nəsildən-nəsilə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət nümunələrini hazırlayırlar.
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Balakən rayonunda ilk dəfə 1947-ci ildə kitabxana üçün bina tikilmiş, həmin binada 1948-ci ildə Mərkəzi Kitabxana yaradılmışdır. O vaxt kitabxananın 2 işçisi olmuşdur. 1966-cı ildə həmin kitabxanaya görkəmli yazıçı M.Hüseynin adı verilmişdir.
1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşmiş halda fəaliyyət göstərməyə başlamışdır.
MKS-nin nəzdində 5 şöbə – metodiki işin təşkili, komplektləşdirmə və kitabişləmə, vahid kitab fondunun təşkili, xidmət və uşaq şöbələri fəaliyyət göstərmiş, 47 kənd kitabxana filialını özündə birləşdirmişdir.
Respublika Prezidentinin Balakənə 12 aprel 2006-cı il tarixli səfərindən sonra rayonumuzda kitabxanalara diqqət daha da artmışdır.
1956-cı ildə təməli qoyulan, 1966-cı ildən Azərbaycanın görkəmli yazıçısı A.Şaiqin adını daşıyan Uşaq kitabxanası əsaslı təmir olunaraq 16 sentyabr 2007-ci il tarixdə öz qapılarını oxucuların üzünə açmışdır.
Respublika Prezidentinin 20 aprel 2007-ci il tarixli “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında Sərəncamları kitabxana işinə, bu işin inkişafına göstərilən qayğıdan söhbət açır.
Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli, 56 saylı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı kitabxanaların latın qrafikalı ədəbiyyatla komplektləşdirməsində, oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynadı.
2004-cü ildən bu günə qədər həmin Sərəncamla əlaqədar kitabxanalarımıza 56587 nüsxə latın qrafikalı ədəbiyyat alınmış və filiallara paylanmışdır. 2008-ci ildə MKS 215 adda 15553 nüsxə kitab almışdır. Alınmış yeni kitablar haqqında oxuculara məlumat vermək məqsədi ilə sərgilər təşkil edilmiş, təqdimat mərasimləri keçirilmişdir.
Hal-hazırda MKS-nin kitab fondu 250379 nüsxə, oxucu sayı 24103 nəfərdir. Kitab verilişi 308882 olmuşdur. 250379 nüsxə kitab fondunun 56587 nüsxəsi latın, 168266 nüsxəsi kiril, 25526 nüsxəsi rus dilində ədəbiyyatdır.
Hal-hazırda MKS 52 kitabxana filialını özündə birləşdirir. Bunlardan: 1 mərkəzi, 1 uşaq, 1 şəhər və 49 kənd kitabxana filiallarıdır.
MKS-nin 125 işçisi vardır. Onların 67 nəfəri kitabxana işçisi, 58 nəfəri texniki işçidir. Bu işçilərin 6 nəfəri ali, 3 nəfəri ali qeyri-ixtisas, 26 nəfəri orta ixtisas, qalanları orta təhsillidir.
2008-ci ildə Respublika Neft Şirkətinin vəsaiti hesabına MKS üçün yaraşıqlı ikimərtəbəli bina tikilmiş, 19 sentyabr 2008 – ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı kitabxananın açılışı olmuşdur.
Kitabxanada İnternet zalı yaradılmışdır. Neft Şirkətindən bu zal üçün 12 ədəd kompüter, 1 ədəd skaner, 2 ədəd printer alınmışdır. İstifadəçilərə internet xidməti göstərilir.
M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının əməkdaşları və Neft Şirkətinin dəstəyi ilə internet zalında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi quraşdırılmış, kataloq yaradılmışdır. Neft Şirkətinin MKS-yə hədiyyə etdiyi kitablar bu kataloqun yaddaşına köçürülmüşdür.
AKİS vasitəsi ilə bu sistem quraşdırılan respublikamızın digər rayon və başqa ölkə kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.
Azərbaycan Milli Kitabxanası tərəfindən MKS- nin internetdə www.balakanmks.az saytı açılmışdır. Balakən MKS haqqında internetdən məlumat almaq olar.
Hal-hazırda elektron kataloq üzərində iş davam edir. MKS-nin 2 işçisi Azərbaycan Milli kitabxanasında elektron kataloq üzrə təcrübə keçmişdir.
Bülbül adına uşaq incəsənət məktəbi
Balakən rayon 7 illik Uşaq musiqi məktəbi 1966-cı ildə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı müddətdən məktəbdə tar, kamança, qarmon, fortepiano şöbələri fəaliyyət göstərib. Məktəbdə 10 nəfər müəllim, 60 nəfər şagird olmuşdur. Məktəbin ilk buraxılışı 1971-ci ildə 12 nəfər məzun olmuşdur.
Bu il məktəbin 39-cu buraxılışı olacaqdır. Məktəb Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 noyabr 2005-ci il tarixli 179 saylı əmri ilə Uşaq İncəsənət məktəbinə çevrilmiş və həmin vaxtdan artıq məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, səs, rəsm, xoreoqrafiya şöbələri fəaliyyət göstərməyə başlamışdır.
2008-ci ildən məktəbdə əlavə vokal şöbəsi açılmışdır. Hal–hazırda Uşaq İncəsənət məktəbində 9 şöbə üzrə 51 nəfər müəllim çalışır. Məktəbdə 316 şagird müxtəlif şöbələr üzrə təhsil alır.
Fortepiano şöbəsində 186, tar şöbəsində 25, qarmon şöbəsində 39, kamança şöbəsində 17, rəsm şöbəsində 12, səs şöbəsində 12, xoreoqrafiya şöbəsində 16, nağara şöbəsində 5, vokal şöbəsində 4 şagird təhsil alırlar.
Hal-hazırda məktəbdə 4 nəfər ali ixtisas təhsilli, qalanları isə orta ixtisas təhsilli müəllimlər çalışır.
Uşaq İncəsənət məktəbində 8 şöbə üzrə təhsil alan yetirmələrin bir qismi hal-hazırda təhsillərini bu sahədə davam etdirir və onların xoş sədaları Respublikamızın ayrı-ayrı bölgələrindən, eləcə də Türkiyə və Rusiyanın müxtəlif şəhərlərindən gəlir.
Heydər Əliyev muzeyi
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəsaiti hesabına Balakən rayonunda tamamilə yenidən qurulan, Azərbaycanda analoqu olmayan H.Əliyev adına Mədəniyyət və İstirahət parkında müasir memarlıq üslubuna uyğun möhtəşəm Heydər Əliyev muzeyi üçün bina tikilmişdir.
Muzey binası 2 mərtəbədən ibarətdir, hündürlüyü 5 metrdir, ümumi sahəsi 493 m²-dir, ölçüləri 31,6 x 15,6 metrdir. Ekspozisiya zalının sahəsi 330 m²-dir.
Binanın daxili quruluşu 2 hissədən ibarətdir.
Muzey eksponatlarının nümayişi üçün ekspozisiya zalı,
Fond saxlama, müəyyən kütləvi tədbirlərin keçirilməsi və müvəqqəti sərgilərin təşkili üçün nəzərdə tutulmuş yardımçı hissə.
Ştat cədvəli üzrə muzeyin 5 işçisi var.
Ulu öndərin anadan olmasının 85-illik yubileyinə ərmağan edilmiş Muzeyin rəsmi açılışı 19 sentyabr 2008-ci ildə cənab Prezident İlham Əliyevin Balakənə səfəri zamanı olmuşdur.
Hazırda muzey eksponatlarının sayı 216-dır.
Tarix-diyarşünaslıq muzeyi
Balakən rayon tarix-diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərir. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılmışdır. Muzeydə 9 nəfər işçi çalışır. Muzeyin ümumi sahəsi 322,7 m2, ekspozisiya sərgi sahəsi 232 m2, fond saxlama sahəsi 12 m2-dir.
140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 1660 eksponat vardır. Onlardan 2-si nəqqaşlıq, 7-si qrafika, 15-i tətbiqi incəsənət məmulatı, 77-si arxeoloji əşyalar, 336-sı məişət və etnoqrafik əşyaları, 87-si fotoşəkil, qalanları isə digər qrupa daxil olanlardır. Həmin əşyalar rayonun 3500-4000 illik tarixini əks etdirir.
Muzeydə “Min bir dərdin dərmanı” guşəsində rayonda bitən 102 növ dərman bitkisinin izahlı kolleksiyası, “Yerüstü və yeraltı sərvətlərimiz” guşəsində isə rayonda bitən 46 növ oduncaqlı ağacların xüsusi hazırlanmış nümunələri, mebel taxtası hissəcikləri, rayondakı Filizçay polimetal yataqlarından gətirilmiş filiz nümunələri nümayiş etdirilir.
Rayon tarix-diyarşünaslıq muzeyində azsaylı xalqlardan olan avar və ingiloyların adət və ənənələrini, məişət əşyalarını nümayiş etdirən guşə təşkil olunmuşdur.
Balakən rayonundan olan tanınmış ziyalılar
Rəbiyyət Nurulla qızı Aslanova – Bakı Dövlət Unuversiteti – fəlsəfə elmləri dokdoru, professor, Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri
Yaqub Mikayıl oğlu Mahmudov – Bakı Dövlət Universiteti, Tarix kafedrasının müdiri, professor, AMEA-nın müxbir üzvi, Millət vəkili
Tofiq Yusif oğlu Baharov – Azərbaycan Dövlət Neft Akademiyası, kafedra müdiri, geologiya və minerologiya elmləri dokdoru
Şəhrəddin Mühiddin oğlu Məmmədov – Azərbaycan Neft Akademiyası, professor
Rzaqulu Zeynal oğlu Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyası, fizika institutu, fizika - riyaziyyat elmləri doktoru
Zeynəddin Camaləddin oğlu Hacıyev – Bakı Dövlət Universteti, professor
Əli Ömər oğlu Hüseynov – Bakı Dövlət Universteti, İqtisad elmləri dokdoru, professor
Hacı İsa oğlu Heydərov – Azərbaycan Tibb Universteti, fəlsəfə elmləri dokdoru
Qurban Müzaməddin oğlu Əhmədov – Milli Elmlər Akademiyasi, fizika institutu, baş elmi işçi, fizika – riyaziyyat elmləri namizədi
Mustafa İsmayıl oğlu Mustafayev – Azərbaycan Neft Akademiyası - dosent, texniki elmlər namizədi
Həqiqət M.Hacı qızı Hacıyeva – Azərbaycan Dövlət Pedaqoji Universteti – müəllimə, biyalogiya elmləri namizədi
Qurban Zeynalabid oğlu Əzizov – Azərbaycan Milli Elmlər Akademiyası - Torpaqşünaslıq institutu, biyalogiya elmləri namizədi
Nigar Tələt qızı Qarayeva – Hərbi qospitalda həkim, tibb elmləri namizədi
Şaban Məhəmməd oğlu Abdurahmanov – Azərbaycan İqtisadiyyat Universteti, dossent, iqtisad elmləri namizədi
Münəvvər Məhəmməd qızı Kantayeva – Bakı Dövlət Universteti, kimya elmləri namizədi
Leyla Qalib qızı Əfəndiyeva – Tibb elmləri namizədi, Azərbaycan Tibb universtetində müəllimə
Gülarə Əsəbəli qızı Əzizov – İqtisad elmləri namizədi, Azərbaycan İqtisadiyyat Universtetində müəllimə
Balakən rayonundan olan tanınmış mədəniyyət və incəsənət adamları
Telman Abbas oğlu Adıgözəlov – xalq artisti, aktyor, Azərbaycan Milli Dram teatrında işləyir
Nailə Hümbət qızı İslamzadə - əməkdar artist, Müdafiə Nazirliyi Mətbuat xidmətində işləyir
Səfa Qvaməddin oğlu Mirzəhəsənov – xalq artisti, aktyor, Rus Dram Teatrında işləyir
Laləzar Bəşir qızı Mustafayeva - xalq artisti, Azərbaycan Milli Dram Teatrında işləyir
Füzuli İsmət oğlu Hüseynov – aktyor, Milli Dram Teatrında işləyir
Bəxtiyar Əli oğlu Kantayev - Dağıstan Respublikasının əməkdar astisti
Tahirə Sultan – şairə
İlqarə Tosova – Gənc Tamaşaçılar Teatrı, aktrisa
Muxtar İbadov – Gənc Tamaşaçılar Teatrı, aktyor
Kamran Yunis – Yuğ Teatrı, aktyor
Ramazan Xutrayev – şair
Şəmsiyyə Əli qızı – müğənni
Həlimət Məmmədova – müğənni – aktrisa
Səmayə Şaban qızı Hüseynova – müğənni
Balakən rayonunun Sosialist Əməyi Qəhramanları və Prezident Təqayüdçüləri.
Anqbazova Məryəm İsa – Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü
Balayeva Həlimət Məcid – Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü
Şirinova Maral İbrahim – Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü
Məmmədova Kərimət Mahama – Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü
Dibirova Səfiyyə Hacı – Prezidenti Təqaüdçüsü
Bazarova Ayşə Ömər – Sosialist Əməyi Qəhrəmanı
Baydarov Muhuma Məhəmməd – Sosialist Əməyi Qəhrəmanı
Bayramova Bəşarət Müslüm – Sosialist Əməyi Qəhrəmanı
Babayeva Yetər Şaban – Sosialist Əməyi Qəhrəmanı
Babayeva Gülbiçə Şaban – Sosialist Əməyi Qəhrəmanı
Xutrayeva Müzalifə Məhəmməd – Sosialist Əməyi Qəhrəmanı
Mollaçıyeva Həvva Seyfəddin – Sosialist Əməyi Qəhrəmanı
Musayev Teyyub Oloxan – Sosialist Əməyi Qəhrəmanı
Novruzova Nəfisət Murtuzəli – Sosialist Əməyi Qəhrəmanı
Lətifov Hüseyn Qüdrət – Sosialist Əməyi Qəhrəmanı
Lələyeva Şəmsiyyət Soltanhəmid – Sosialist Əməyi Qəhrəmanı
Əfəndiyev Əlixan Ömər – Sosialist Əməyi Qəhrəmanı
Sabirova Nurcahan Məcid – Sosialist Əməyi Qəhrəmanı
Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir. Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir.
Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar.
Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur.
2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir.
Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var.
Balakən rayon Mərkəzi Xəstəxanası 1939-cu ildə yaradılmışdır. O dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 30-40 çarpayıdan ibarət olmaqla uyğunlaşdırılmış 1 mərtəbəli binada yerləşdirilmişdir. Xəstəxanada vərəm və digər yoluxucu xəstəliklər üçün palatalar olmuşdur. 1990-cı ildə Mərkəzi rayon Xəstəxanası üçün layihə əsasında 300 çarpayılıq bina tikilmişdir. 1990-cı ildən Mərkəzi rayon Xəstəxanası yeni binada fəaliyyət göstərir. Rayonda xəstəxana çarpayılarının ümumi sayı 556-dır.
Rayonda Mərkəzi poliklinika, Uşaq poliklinikası, Uşaq Xəstəxanası, Ağ ciyər xəstəlikləri, Narkoloji kabinet, Təcili və Təxirəsalınmaz Tibbi Xidmət şöbəsi, 3 kənd sahə və 1 qəsəbə xəstəxanası, 8 kənd həkim ambulatoriyası və 19 feldşer-mama məntəqəsi vardır.
Balakən rayonu üzrə 2009-cu ilin 10 ayı ərzində 1022 uşaq doğulmuşdur. Uşaqlar arasında yüksək ölüm və əlillik verən poliomielit və difteriya kimi kəskin yoluxucu xəstəliklər ləvğ edilmişdir. 2000-ci ildən başlayaraq rayonda ana südü ilə qidalanma proqramı geniş şəkildə tətbiq edilməyə başlanmış və 2004-cü ilin yekunlarına görə Mərkəzi Xəstəxananın Doğum şöbəsinə “Körpə Dostu xəstəxanası” sertifikatı verilmişdir.
Balakən rayon Mərkəzi Xəstəxanasında 142 həkim və 512 orta tibb işçisi çalışır. Hər ay 800-ə qədər diabetli və 500-ə qədər digər qruplardan olan imtiyazlı xəstələr pulsuz dərmanla təmin edilir.
Balakən şəhərinin H.Əliyev prospektində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən Dövlət Neft Şirkətinin vəsaiti hesabına Respublikada analoqu olmayan 235 çarpayılıq xəstəxana binasının tikintisinə başlanmışdır. Xəstəxana kompleksinin ümumi smeta dəyəri 20.4 milyon ABŞ dollarıdır. Xəstəxanaya 3 milyon ABŞ dolları dəyərində dünya standartlarına uyğun müasir tibbi avadanlıqlar alınacaqdır. Xəstəxanada 400 işçi çalışacaqdır. 2006-cı ilin aprel ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xəstəxananın təməli qoyulmuşdur. 2008-ci ilin sentyabrında möhtərəm prezidentimiz Balakən rayonunda səfərdə olarkən xəstəxanaya baş çəkərək xəstəxananın tikintisi ilə maraqlanmışdır.
Özəl tibb müəssisələri
Balakən rayonunda aşağıda adları qeyd olunan özəl tibb müəssisələri mövcuddur:
“Tural-Nur” MMC
“Nicat yolu” MMC
Hər iki özəl tibb müəssisəsi 2005-ci ildən fəaliyyət göstərir. Həmin müəssisələrdə laborator və funksional diaqnostika xidməti göstərilməklə yanaşı apteklər də vardır. Bundan başqa rayonda 13 aptek fəaliyyət göstərir.
Uşaq Yaradıcılıq Mərkəzi
Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Təbiəti mühafizə", "Toxuculuq", "Evdarlıq", "Musiqi sevərlər", "Dilçilik", "Kağız əl işləri", "Dərzi", "Biçmə-tikmə" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.
Uşaq Texniki Yaradıcılıq Mərkəzi
Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Radio texnika", "Radiotexniki konstruktivləşdirmə", "İnformatika və EHM", "Əyləncəli fizika", "Gənc dizayner", "Texniki estetika", "İbtidai texniki modelləşdirmə", "Gənc konstruktor", "Avtomodel", "Tikişin texnologiyası", "Kinomexanika", "Radiorabitə", "Kartinq", "Foto", "Radiomexanika", "Elektrotexnika", "Kimya texnologiya") 945 məktəbli cəlb olunmuşdur.
Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər.
İdman
Balakən rayonunda idmanın futbol, voleybol, sərbəst güləş, yunan-roma güləşi, basketbol, həndbol, idman gimnastikası, armrestlinq, şahmat, “Okinava Karate-Do”, “Sindo-RYU”, “Pencak-Silat”, stolüstü tennis, kikboksinq, atletika növləri fəaliyyət göstərir.
Rayonda idmanla məşğul olanların sayı 5369 nəfərdir.
Rayonda idman qurğularının sayı 82-dir. Rayonda 7 stadion var və onlardan birinin tamaşaçı tutumu 1500 nəfərdir. İdman zallarının sayı 21, atıcılıq tiri 10-dur. Hal-hazırda rayonda Olimpiya İdman Kompleksi inşa edilir.
İdmançılardan Rəsul Çunayev və Əlixan Elayev yunan roma güləşi üzrə, Rahib Usubov karatenin "Okinava Qocyu-Ryu" növü üzrə, Natiq Eminov və Ekbal Hacıyev "Sindo-Ryu" və "Pencak-Silat" üzrə Azərbaycanın yığma komandalarının tərkibinə daxil edilmişlər.
Rayonun idmançıları müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Oluxan Musayev 2008-ci ildə Pekində keçirilən XIII Parolimpiya Oyunlarında nüvə itələmə növündə 13m 49sm nəticə ilə Parolimpiya Oyunlarının çempionu olmuşdur.
Rəsul Çunayev yunan-roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionu və İstanbulda keçirilən Beynəlxalq turnirin qalibidir.
Natiq Eminov karatenin "Sindo-Ryu" və "Pencak-Silat" növündə Dünya ikincisidir.
Rahib Usubov karatenin "Okinava Qocyu-Ryu" növündə yeniyetmələr arasında dünya üçüncüsüdür.
Rayonda Uşaq Gənclər İdman Məktəbi və Şahmat məktəbi fəaliyyət göstərir.
Uşaq gənclər İdman Məktəbinin nəzdində futbol, voleybol və sərbəst güləş növləri inkişaf etdirilir.
2010-cu ildə SinqapurdaYeniyetmələr arasında keçirilən olimpia çempionatında birinci qızıl medalı Azərbaycana gətirən yunan-Roma güləş növündə Azərbaycanı təmsil edən Balakən rayonunun Qabaqçöl kənd sakini Murad Bazarov (42 kq) oldu. Böyük uğura imza atan M.Bazarov yeniyetmələr arasında ilk azərbaycanlı Olimpiya cempionu olub.
Uşaq Gənclər İdman Məktəbi:
Balakən rayon Uşaq Gənclər İdman Məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəbdə futbol, voleybol və sərbəst güləş bölmələri olmaqla 73 qrup vardır. Futbol bölməsində 26 qrupa 401, voleybol bölməsində 27 qrupa 386 - o cümlədən 151 qız, sərbəst güləş bölməsində 20 qrupa 254 nəfər ümumtəhsil məktəbinin şagirdi cəlb edilmişdir. Şagird kontingentinin ümumi sayı 1051-dir.
Uşaq Gənclər İdman Məktəbində 32 nəfər məşqçi-müəllim işləyir. Bunlardan 11-i ali təhsillidir. 5 nəfəri idman ustasıdır. 1 nəfər Respublikasının Əməkdar məşqçisidir.
2008-2009-cu illərdə Uşaq Gənclər İdman Məktəbinin komandaları bir sıra Respublika səviyyəli mötəbər turnir və birinciliklərində uğurla çıxış etmişlər. Ötən il sərbəst güləş üzrə "Təhsil Respublika İdman Mərkəzinin açıq Respublika birinciliyində 37 komanda arasında 13 medal, o cümlədən 4 qızıl, 3 gümüş və 6 bürünc medal qazanaraq komanda hesabına I yeri tutmuşdur.
2009-cu ilin fevral ayında sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən respublika birinciliyində 1 nəfər III yeri tutmuşdur.
Aprel ayında 1997-1998-ci il təvəllüdlərdən ibarət futbol komandası Mingəçevir şəhərində keçirilən "Danone" Beynəlxalq Kuboku turnirində III yeri tutmuşdur.
İyul ayında 1995-1996 təvəllüdlülərdən ibarət futbol komandası Mingəçevir şəhərində keçirilən "Sevinc" kuboku uğrunda Respublika birinciliyinin zona mərhələsində I, finalda isə II yeri tutmuşdur.
Hazırda Uşaq Gənclər İdman Məktəbinin 13 yaşlılardan ibarət futbol komandası Şimal-Qərb və Qarabağ regionu üzrə U-13 liqasında ugurla çıxış edir.
Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Rəsul Çunayev yunan-roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında Azərbaycan çempionu olmuşdur. Hazırda R.Çunayev yığma komandasının üzvüdür.
Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbi:
Eyni zamanda rayonda Şahmat Uşaq Gənclər İdman məktəbi də fəaliyyət göstərir.
Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Öz işini Təhsil Nazirliyinin “ Məktəbdənkənar müəssisələr haqqında əsasnamə “sinin tələblərinə uyğun qurur. Əsas məqsədi şahmatı şagirdlər arasında təbliğ etmək, idmanın bu növünün kütləviliyini və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. Məktəbdə 60 qrup fəaliyyət göstərir. Həmin qruplara 727 nəfər cəlb edilib. Şahmat məktəbinin dərnək üzvləri 1987-1990-cı illərdə Rusiya Federasiyasında, Özbəkistanda və Ukraynada keçirilən Beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmişdir. Dərnək üzvlərindən bir nəfəri 2001-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasında keçirilən Beynəlxalq Şahmat turnirində qızlar arasında III yeri tutmuşdur. Bir nəfər şahmatçı isə 2004-cü ildə respublikanın 26 rayonunun, habelə Türkiyə, Gürcüstan və Rusiya Federasiyasının da şahmatçılarının qatıldığı beynəlxalq turnirdə 10 yaşınadək olan oğlanlar arasında I yeri tutmuşdur.
2007-ci ilin may ayında “28 may – Respublika günü”nə həsr edilmiş şahmat məktəblərinin Respublika turniri keçirilmişdir. Həmin turnirin nəticələrinə görə ŞUGİ məktəbi I yeri tutmuşdur.
2008-ci ildə Bakı şəhərində keçirilən şahmat məktəblilərinin komandalarının yarışında məktəbin bir nəfər şahmatçısı II yerə layiq görülmüşdür.
10 may 2009-cu il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevinxatirəsinə həsr olunmuş turnirdə bir nəfər ümumi turnirib qalibi olaraq I yerə layiq görülmüşdür.
28 may - 05 iyun 2009-cu il tarixdə Balakən rayonunda 28 May Respublika günü münasibəti ilə şahmat məktəblilərinin Respublika turniri keçirilmişdir.Turnir Gənclər İdman İdarəsi və Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilmişdir. Turnirdə 4 nəfər I yerə, 3 nəfər II yerə, 6 nəfər III yerə çıxmışlar.
12-18 iyun 2009-cu il tarixdə Uşaq Gənclər Şahmat Məktəbləri komandalarının Respublika birinciliyinin seçmə yarışında məktəbin komandası II yerə layiq görülmüşdür.
Maddi-mədəni irsi
Nur kilsəsi — Talalar kəndi ərazisində qədim alban məbədi.
Darvaz kilsəsi — Qacarçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz Binə deyilən yerdə yerləşən məbəd.
Katex kilsəsi — Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsrə aid alban kilsəsi.
Minarəli məscid — Balakən şəhərində yerləşən XIX əsrə aid unikal minarəli məscid.
Mətbəx
Balakənin məşhur yeməkləri maxara, cüttü, Balakən halvası, Balakən xəngəli.
Balakənin özünə məxsus milli mətbəxi vardır. Sac üzərində bişirilən günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət şor, gicitgən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.
Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ətotudan) geniş istifadə olunur.
Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.
Maxara – Qədim zamanlardan indiyəcən balakənlilər əziz qonaqlarını sac xörəyi olan maxara ilə qarşılayıblar. Un, süd və yumurta çalınaraq duru hörrə hazırlanır. Içinə bəzən sarı kök, zəfəran, göyərti də vurulur. Süd əvəzinə ayrandan da istifadə etmək olar. Sacda bişirilərkən sac yağlanır, bir fincan hörrə sacın üzərinə tökülür. Hazır yemək saçaqlı bir görkəm alır ki, bu da süfrədə xüsusi bir gözəllik yaradır. Kərə yağı ilə yağlanır, balla, salatla süfrəyə verilir.
Turizmin inkişaf potensialı
Balakən rayonunun zəngin təbii landşaft və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər açır. Ərazidə turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri mövcuddur.
Rayonda sahibkarlığı, xüsusən turizmi inkişaf etdirmək məqsədi ilə 13 may 2006-cı ildə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Balakən rayonunun sosial-iqtisadi inkişafı-reallıqlar və gələcəyə baxış” mövzusunda konfrans keçirilmişdir.
Rayonda son illər turizmin inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərmək və turizmi inkişaf etdirmək məqsədi ilə aparılan böyük quruculuq işləri artıq başa çatmışdır. Parkda uşaq, yeniyetmə, gənclər və ahılların mənalı istirahəti üçün hər cür şərait yaradılmış, attraksionlar yerləşdirilmiş, 1200 metrlik kanat yolu çəkilmişdir. Parkın ərazisinidə 100 yerlik “Qubek” otelinin tikintisində son tamamlama işləri gedir. Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu rellaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir.
Balakən – Katex şəlaləsi
Balakən – Qubek – Su dönən
Balakən – “Mirovaya voda”
Balakən – Arılıq
Balakən – Qaraçay – Siltik – Geoloji kəşfiyyat
Balakən – Mazımçay
Balakən – Darvazbinə – Göyəmtala – Qanıx
Balakən – Qabaqçöl – Bağman bulaq – Kubçar bulaq
Balakən – Aviasiya mərkəzi – İmam bulağı
Balakən – İtitala
Balakən – Gərəkli – Zepel bulaq – Pəri qalası
Balakən – Cicixana
Rayon ərazisində olan tarix və mədəniyyət abidələrini və mövcud şəraiti nəzərə alaraq ekoloji, ekzotik, təbiət və idman (ovçuluq, deltaplan, piyada, atçılıq), ailə turizmini inkişaf etdirmək mümkündür.
Tarix və mədəniyyət abidələri
Azərbaycanda əsrlər boyu yüzlərlə, minlərlə sənət nümunəsi yaradılıb, gələcək nəsillər üçün yadigar qoyulmuşdur. Abidə deyəndə ilk növbədə gözlərimiz önündə tarix və mədəniyyət abidələri canlanır. Belə abidələr adətən insanların taleyi ilə bağlı olub öz əlləri ilə yaradılmışdır. Qədim abidələrin əksəriyyəti memarlıq sənət nümunəsidir. Onlar bir sinfin və ya qəbilənin digəri üzərində hökmranlığı (saraylar, ibadətgahlar) və ya birinin digərindən müdafiəsi üçün (qalalar, müdafiə xətləri, gizli yollar və s.) yaranmışdır.
Balakən çox zəngin tarixə malik rayondur. Respublikamızda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur. Onların 65-i dünya, 2034-ü ölkə, 4209-u yerli əhəmiyyətli abidələrdir. Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət abidələri və 32 yeni aşkar olunmuş abidələr mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırlımış, qoruyucu lövhələr vurulmuşdur. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir.
Sasani dövrünə aid Böyük Sədd – bu qədim tarixi abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır. Divarların eni aşağıda 1,5 metrə yaxındır, hündürlüyü 4-5 metr olub. Sədd V-VII yüzillikdə Azərbaycanı Sasanilər işğal etdikdən sonra Sasani hökmdarı I Qubad və Xosrov Ənuşirəvanın göstərişi ilə tikilib.
Səddin tikilməsində məqsəd ölkəni dağlıların qəfil hücumundan müdafiə, həmçinin «Hun keçidi»ndən gələn hunların axınının qarşısını almaq idi.
Əlavələr
1.Balakən Aviasiya Mərkəzi 16 ildən çox idi ki, fəaliyyətini dayandırmışdı. Nəhayət, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası (KHVTİCRŞ) mərkəzi bərpa edib və xalqın istifadəsinə verib. Balakənli gənclər mərkəzdə paraşüt idmanı və kartinqlə məşğul olurlar. Eyni zamanda burada motosiklet və diğər idman növlərinin inkişafı üçün də müvafiq şərait yaradılması planlaşdırılır. Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
Azərbaycanın tarixində ilk dəfə olaraq 12 yaşlı qız paraşütlə tullanıb.
Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı zamanı (12-17 yaş arasında) iştirakçılar 1200 metr hündürlükdən ilk dəfə paraşütlə tullanaraq sərbəst şəkildə yerə enib. Yarışda iştirak edən 12 yaşlı Balakən rayonu, Tülü kənd sakini Abdullayeva Nigar Azad qızı daha çox diqqəti cəlb edib. 12 yaşlı qızın 1200 metr hündürlükdən sərbəst şəkildə tullanması Azərbaycan və MDB tarixində ilk hadisədir. Yarışlarda, həmçinin, 14 və 17 yaşlı Leyla və Türkan Əliyeva bacıları iştirak edib. Onlar da ilk dəfə 1200 metr hündürlükdən paraşütlə tullanaraq sərbəst şəkildə yerə enə bilib.
2.Balakən MKS - 3 İyul 2009 – cu il tarixdə Respublika Prezidenti İlham Əliyevin
sərəncamı ilə əlaqədar Balakən MKS - ə 1672
nüsxə latın qrafikalı ədəbiyyat hədiyyə edilmişdir.
Bu kitablar aşağıdakılardır:
1. Azərbaycan tarixi VII cilddə. I – VII cild.
2. Azərbaycan arxeologiyası. I və VI cild.
3. Uşaq ensiklopediyası I, II və III cild.
4. “Mirzə Cəlil Məmmədquluzadə” ensiklopediyası.
5. Azərbaycan ədəbi dili tarixi. I və IV cild.
6. Jül Vern “Sirli ada”.
7. Çobanzadə Bəkir III, IV cildlər.