Güclü yağış nəticəsində elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb Ağstafa-Bakı sürət qatarı və Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkətində ciddi problem yaranıb. Gəncə şəhərinə saat 24:00 radələrində çatmalı olan qatarlar, ləngiyərək bu gün saat 03:00 radələrində yetişib. Ağstafa qatarındakı sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, qatarda olanların əksəriyyəti abituriyentlərdir. Onlar bu gün ali məktəblərə IV qrup üzrə keçirilən qəbul imtahanına gəlirlər.
Abituriyentlərin buraxılış vərəqsəsində isə onların imtahana saat 09:30-da buraxılacağı qeyd olunub. Lakin qatarın ləngiməsi nəticəsində abituriyentlər imtahan verməli olduqları ünvanlara vaxtında çata bilməyiblər. Qeyd edək ki, Böyük Kəsik-Bakı qatarı hələ də Lökbatan ərazisindədir. Ağstafa-Bakı qatarı isə yolda sürət yığaraq mənzil başına yarım saatlıq gecikmə ilə yetişə bilib.
"Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin “Sərnişindaşıma” İstehsalat Birliyinin rəisi Elyar Muradov bildirib ki, qatarların gecikməsinin obyektiv səbəbləri var. Belə ki, Ağstafa rayonunda yağan güclü yağış nəticəsində “Azərenerji” ASC-nin yüksəkgərginlikli elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb. Nəticədə qatarların hərəkətində ciddi problem yaranıb. Problemin aradan qaldırılması üçün xeyli vaxt sərf olunub və nəticədə qatarlar ləngiyib.
"Azərbaycan Dövlət Dəmir Yolları" QSC yaranmış problemlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) məlumatlandırmayıb. E.Muradovun sözlərinə görə, TQDK-dan və başqa dövlət qurumlarından onlara sorğu ilə müraciət olunsa, qatarların ləngiməsinin səbəblərini izah etməyə hazırdırlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə qəbul imtahanına gecikən abituriyentlərə güzəşt olunmayacağını bildirib. Onun sözlərinə görə, hər hansı gözlənilməz hadisəni nəzərə alıb imtahana bir gün qabaq gəlmək lazımdır. E.Nağızadə onu da bildirib ki, abituriyentlər saat 11:30-dək imtahana buraxıla bilər.