Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Hər iki qurumun rəhbərliyi arasında “Bakıdan regionlara təhlükəsiz yol” adlı layihə üzrə müqavilə imzalanıb.
İmzalanmış müqaviləyə əsasən bir neçə ay davam edəcək layihənin əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir.
Layihə çərçivəsində Bakı şəhərindən 7 regiona əsasən avtobus turlarının təşkil olunması və maarifləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Bakı, Gəncə, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax rayonunu əhatə edəcək.
Mərkəzin direktor müavini Elnur Axundov layihə ilə əlaqədar olaraq bildirmişdir ki, vətəndaş cəmiyyətinin mövcud olması üçün sağlam vətəndaş və təhlükəsiz mühitin olması labüddür. Bu baxımdan həyata keçiriləcək bu layihə insanlarda sağlam mühitin formalaşmasını və təhlükəsiz həyatın aşılanmasını nəzərdə tutur.