Sərgidə 90-dan çox təhsil müəssisəsi və təşkilat iştirak edəcək Bakıda oktyabrın 7-dən 9-dək “Təhsilini seç, gələcəyini müəyyən et” devizi altında 4-cü Beynəlxalq təhsil və karyera sərgisi keçiriləcək. Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək sərgidə 90-dan çox təhsil müəssisəsi və təşkilat iştirak edəcək.
Təhsil istiqamətlərinin coğrafiyası Azərbaycan, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada Respublikası, Koreya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Türkiyə və İsveçrə kimi ölkələri əhatə edir.
Bu il ilk dəfə olaraq Türkiyənin 12 ali təhsil müəssisəsini, o cümlədən İzmir İqtisad Universiteti, İstanbul Kulinariya Universiteti, İncəsənət Akademiyası və qardaş ölkənin digər nüfuzlu təhsil müəssisələrini özündə birləşdirən milli qrup sərgidə iştirak edəcək.
“Təhsil və karyera-2010” sərgisi regionda gənclərin yerli və xarici təhsil haqqında məlumatlandırılmasına, habelə işəgötürən, təhsil müəssisəsi və gənclər arasında dialoqun inkişaf etdirilməsinə yönəlmiş ən iri tədbirdir. Bu sərgi həm mütəxəssislər, həm də abituriyent və məktəblilər üçün faydalı olacaq. Sərgidə ali, peşə, orta və əlavə təhsil proqramları, eləcə də tədris vəsaitləri üzrə yeni texnologiyalar və xaricdə təhsil proqramlarının geniş spektri təqdim olunacaq.
Tədbir çərçivəsində sərgidə təqdim olunmuş Türkiyənin ali təhsil müəssisələrinin birində təhsil almaq üçün lotereya tirajı da keçiriləcək.