“Yer saatı” aksiyasında 134 ölkə iştirak edib “Yer saatı” beynəlxalq aksiyasında rekord sayda - 134 ölkə iştirak edib. Dövlət obyektləri və fərdi evlərdə işıqlar bir saatlığa söndürülüb. Parisdə Eyfel qülləsinin, Londonda Biq Ben, Nyu-Yorkda Tayms Skver, Afinada Akropol, Moskvada 70-dən artıq obyekt, o cümlədən Moskva Dövlət Universitetinin binasının işıqları söndürülüb.
Azərbaycanda isə “İRƏLİ” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Earth Hour kampaniyası keçirilib. Bakıda təşkil edilən tədbir bir neçə hissədən ibarət olub. Təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq abidənin işıqlarını təbiətin qorunması simvolu olaraq 1 saatlıq söndürüblər.
“Yer saatı” aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2,2 milyon şəhər sakini və 2 mindən çox təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrik enerjisindən istifadəni dayandırmışdılar. 2008-ci ildə iştirakçı ölkələrin sayı 88-ə, 2010-cu ildə isə 126-ya çatıb. Aksiya ənənəvi olaraq mart ayında keçirilir və könüllü xarakter daşıyır. İctimai yerlərdə təhlükəsizlik məqsədilə quraşdırılan küçə fənərlərini, işıqları söndürmək qadağandır.