Hər iki şəhərin məktəblərindən 2 minə yaxın çox attestatsız məzun da bu gün biliyini yenidə sınayıb Bu il regionlar üzrə orta məktəblərin buraxılış siniflərində 90 mindən artıq şagird mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verib. Bu gün isə Bakıda 25 min, Sumqayıtda 5 minə qədər 11-ci sinif şagirdləri imtahana cəlb olunub.
Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, buraxılış imtahanların təşkili üçün 89 mərkəz yaradılıb. Hər mərkəzə yaxınlıqdakı bir neçə məktəbin 11-ci sinif şagirdləri birgə imtahan verir. Onun sözlərinə görə, imtahan mərkəzlərinin 77-si Bakıda, 12-si isə Sumqayıt şəhərində yerləşir.
Təranə Hacıyeva qeyd edib ki, Bakı və Sumqayıt məktəblərini ötən il bitirmiş, lakin attestat ala bilməyən məzunlara da təkrar imtahan vermək imkanı yaradılıb. Onun sözlərinə görə, hər iki şəhərin məktəblərindən 2 minə yaxın çox belə məzun bu gün imtahan verib. Həmin məzunlar onlar üçün ayrıca yaradılmış imtahan mərkəzində biliyini sınayıb.
Xatırladaq ki, bu gün Bakı və Sumqayıtda keçirilən imtahanlarla həm də respublika üzrə 11-ci siniflərin buraxılış imtahanına yekun vurulur.