Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir.
Lent.az-ın məlumatına görə, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Bəzi bölgələrdə isə ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur.
İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud, gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq.
Bir inanc da var ki, almaları nişanlayıb suya atırlar. Almalar suda bir-birinə yaxınlaşsa, bu da niyyətə çatmağa işarədir.
Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni, insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı.
Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, yumurta boyanmalı, şamlar yandırılmalıdır. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə İlaxır çərşənbəyə “Yeddi ləvin” bayramı da deyilir. Bu sözün mənası “yeddi növ”, “yeddi cür nemət” deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun.
Bu gün Azərbaycan paytaxtında ilaxır çərşənbə münasibətilə bir sıra tədbirlər keçirilib.
Lent.az-ın məlumatına görə, bayram tədbirinə “Azneft” meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkətə başlaması ilə start verilib. Karvanla hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanıdakı Atəşgah məbədindən od götürüblər. Musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçən karvan daha sonra Qız Qalasına yaxınlaşıb. Qala üstündəki məşəl alovlandırılıb.
Saat 19.00-dan etibarən ilaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə Qız qalasının qarşısında bayram konserti keçirilib. Burada tanınmış musiqiçilərin ifasında baharı, yazın gəlişini vəsf edən mahnılar səsləndirilib. Bir neçə saatdan sonra isə atəşfəşanlıq keçirilib.
Qeyd edək ki, tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. İcra Hakimiyyəti dünən paytaxt sakinlərinə müraciət edərək onları konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edib. Həmçinin martın 20-də Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.
Ruzi-bərəkətinizin bol, süfrələrinizin dolu olması diləyilə. İlaxır çərşənbəniz mübarək olsun!