Azərbaycan paytaxtında Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışının tikintisi planlaşdırılır. «APA-ECONOMICS»in məlumatına görə, bu plan 2011-2014-cü illərdə nəqliyyat sektorunun inkişaf prioritetlərində nəzərdə tutulub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov «APA-ECONOMICS»ə bildirib ki, stansiyandan yeni çıxışın Bakı Dövlət Universitetinin həyətinə və Firudin Ağayev küçəsinə açılması nəzərdə tutulub. Çıxışın yeri müəyyənləşdiriləndə metroya sərnişin axınının istiqamətləri də nəzərə alınıb.
Yeni çıxışın tikintisinin nə vaxt başlanacağı hələ dəqiqləşməyib, amma baş mühəndisin sözlərinə görə, tikinti işləri 2 ilə yaxın müddətdə davam edəcək. Çıxışın eskalatorla təmin edilməsi də nəzərdə tutulur.
Metrpolitenin inkişaf prioritetlərində 2011-2014-cü illərdə Bakı Metropoliteninin «Memar Əcəmi» və «Azadlıq prospekti» stansiyalarından sonra yeni metro xətlərinin istismara verilməsi də nəzərdə tutulur.