Prezident İlham Əliyev noyabrın 8-də Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov İlham Əliyevə məlumat verib ki, Bakı dairəvi avtomobil yolunun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib. Bu layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək.
Layihəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı “Makyolcopri İnşaat ve Taahhüt A.Ş.” şirkəti, subpodratçı “Azərinşaat” MMC, tikintiyə texniki nəzarəti “Pan Arab Consulting Engineers” şirkəti həyata keçiriblər.
Layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələr istismara hazırdır. Lökbatan dairəsindən Ələt–Astara yolunun 22-ci kilometrinədək olan üçüncü hissə isə cari ilin sonunda istifadəyə veriləcək.
Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüsü var.
Prezident İlham Əliyev inşaatçıları təbrik edib, açılışı bildirən lenti kəsib.
Lakin yol sürücülər üçün yeni imkanlar açsa da, ətrafda yaşayan sakinlərin yolunu bağlayıb.Uzun müddətdən bəri gözlənilən və ötən gündən etibarən rəsmən istismara verilən Bakı Dairəvi Yolu da sürücülərin mənzil başına çatmaları üçün gedəcəkləri yolu xeyli azaldıb.
Qeyd edək ki, 2007-ci ilin 18 yanvarından tikintisinə başlanılan Bakı Dairəvi avtomobil yolu təxminən 80 milyon dollara ərsəyə gəlib. Bunun 14,9 milyon dolları Küveyt İnkişaf Fondu, 10 milyon dolları Əbu-Dabı Fondu, qalan məbləği isə Azərbaycan hökuməti maliyyələşdirib. Biləcəri qəsəbəsindən başlayan dairəvi yol Bakı-Astara yolunun 22-ci kilometrliyinə kimi uzanır. Texniki iqtisadi-göstəricilərinə görə I dərəcəli hesab olunan yolun uzunluğu 21,5 km-dir. Yolun hərəkət hissəsinin eni 22,5 metr, hərəkət zolağının eni isə 3,7 metdir
Bütün bu müsbət məqamlarla yanaşı yeni qurulan yolun bir əmması da var. Bakı Dairəvi yolu sürücülər üçün yeni imkanlar açsa da, ətrafda yaşayan sakinlərin yolunu bağlayıb. Baxmayaraq ki, ötən gün yolun açılışında iştirak edən ölkə başçısına hər şeyin qaydasında olduğu haqda məlumatı verilsə də, bir nüans nəzərdən qaçıb. Yasamal rayonu II Alatava qəsəbəsində yaşayanların yolun digər səmtinə keçmək imkanları məhdudlaşır. İri divarlarla bağlanmış yolun böyük bir hissəsi burada sakinlər üçün keçilməz sədd yaradıb. Hələ üstəlik yolun açılışına bir həftə qalmış bu istiqamətə işləyən 94 saylı marşurut avtobusu da yığışdırılıb. Bu səbəbdən yolun digər istiqamətinə keçmək istəyənlər ən yaxşı halda avtovağzala qədər, ən pis halda isə Badamdar qəsəbəsində yerləşən maşın bazarına qədər yol qət etməlidir.
Qeyd edək ki, 3 hissədən ibarət olan Bakı Dairəvi yolunun I və II hissəsində tikinti işləri tamamlanıb və istismara verilib. III hissəsinin ilin sonunda istismara verilməsi planlaşdırılan yolda ümummilikdə 5 qovşaq, 8 yolötürücüsü və 3 piyada keçidi quraşdırılsa da, keçidlərdən heç biri II Alatava ərazisinə düşmür. Sakinlərin etirazını nəzər alan Nəqliyyat Nazirliyi artıq bu barədə müəyyən addımlar atıb.
“Biz “Azəryolservis” ASC-yə müraciət etmişik. Onlar mütəxəssis göndərdilər həmin yerə və ölçmə işləri aparıldı. İcra hakimiyyətilə bərabər onlar məsələni araşdırıb Nəqliyyat Nazirliyinə yazılı müraciət etməlidir. Həmin yerdə piyada zolağı yaxud piyada keçidi qoyulsun. Buna razılıq veriləndən sonra həmin yerdə tədbirlər görüləcək", - deyə Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov vurğulayıb.
İlham Əliyev həmçinin Bakı-Ələt avtomobil yolunun açılışında da iştirak edib
Prezident yolun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışını edib
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 8 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş ”Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar “Bakı–Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması” və “Bakı-Ələt avtomobil yolunun Bibiheybət–Lökbatan dairəsi sahəsinin yenidən qurulması” layihələri həyata keçirilib. Layihələrin icrasına 2009-cu ilin mayında başlanılıb.
Yolun tikilən birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır. Bu yolun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcək.
İ. Əliyev inşaatçıları təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib