Səbəb Qurban bayramı ilə əlaqədar olaraq sərnişinlərin kütləvi halda rayonlara üz tutmasıdır. Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal dünəndən gücləndirilmiş iş rejiminə keçib.Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi bildirib ki, bayram ərəfəsində avtovağzalda sərnişin sıxlığı müşahidə olunsa da, heç bir sərnişin yolda qalmayacaq.
“Bizim şirkət hazırda Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Əgər adi günlərdə 4500-4600 sərnişin xidmətimizdən istifadə edirdisə, dünən bu rəqəm 9200 nəfəri keçib. Ehtimal olunur ki, bu gün və bayram günləri sərnişinlərin sayı daha da artacaq. Buna görə də, biz xəttə əlavə reyslər buraxmışıq. Lazım gələrsə, xəttə yenə əlavə avtobuslar buraxacağıq. Çalışırıq ki, heç bir sərnişin yolda qalmasın”, - deyə Mətləb Abidi vurğuladı.
Avtovağzal rəsmisinin sözlərinə görə, əlavə avtobusların buraxılması nəticəsində nəqliyyatların arasındakı qrafiklərdə də müəyyən dəyişikliklər olub. Yəni, onlar arasındakı interval azaldılıb.
Qeyd edək ki, sərnişin sıxlığı ən çox cənub bölgəsində, daha dəqiq desək, Cəlilabad, Masallı istiqamətində hiss olunur.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında Qurban bayramı ilə əlaqədar gediş haqqları süni surətdə artırılıb.Bunu sərnişinlər deyirlər.avtovağzal rəsmisi isə açıqlamasında qiymət artımının olmadığını bildirdi. Avtovağzal rəsmisi həqiqətən də bayram günü vağzalda sərnişin sıxlığının olmasını etiraf etsə də, gediş haqqlarının artmadığını qeyd etdi.
“Gediş haqqlarının artımından söz gedə bilməz. Biz avtobusları xəttə buraxanda üstlərində nəzarətçi də qoyuruq. Sərnişinlər isə biletləri qabaqcadan kassalardan alırlar. Heç bir sürücü qiyməti qaldıra bilməz. Biz onlara ciddi şəkildə nəzarət edirik. Əgər belə hal tərəfimizdən aşkarlanarsa, mütləq səbəbkar ciddi şəkildə cəzlanacaq. Ola bilsin ki, rayonlara özbaşına çıxan avtobus sürücüləri yolpulunu qaldırıb. Belə hal aşkarlanarsa, həmin şəxslər mütləq məsuliyyətə cəlb olunacaq”, - deyə Mətləb Abidi vurğuladı.
Bayramda dəmir yolu da gücləndirilmiş iş rejimində çalışacaq.Bu məqsədlə müxtəlif istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) “Qurban” bəyarım ilə əlaqədar gücləndirilmiş iş rejiminə kecir. Bayram müddətində rayonlara və əks istiqamətə gedən sərnişinlərin çoxalacağını nəzərə alan cəmiyyət bu məqsədlə müxtəlif istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu tədbirlər, Bakı-Qazax, Bakı-Gəncə, Bakı-Aqstafa, Bakı-Astara, Bakı-Horadiz və Bakı-Balakən istiqamətində gedən qatarlarda tətbiq olunacaq.