Başlıq » 2010»Oktyabr»13 » Azərbaycanda qatarların sürəti saatda 120 km olacaq
Azərbaycanda qatarların sürəti saatda 120 km olacaq
20:52
Arif Əsgərov: "Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun yenidənqurma işlərinə başlanılıb"
“Dəmir yolunun inkişafı” Dövlət Proqramına uyğun olaraq Bakı-Böyük Kəsik yolunun yenidən qurulması üçün tenderlər elan edilib. Azərbaycanda ilk dəmiryolunun istismara verilməsinin 130 illiyinin qeyd olunduğu ərəfədə “Azərbaycan Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib ki, yenidənqurma işləri başa çatandan sonra Bakıdan Gürcüstan sərhədinə qədər qatarların hərəkət sürəti saatda 120 km-ə çatdırılacaq. Onun sözlərinə görə, Bakı-Böyük Kəsik istiqamətində yenidənqurma işlərinə artıq başlanılıb. O bildirib ki, yaxın zamanda 50 yeni elektrovoz alınacaq: “Rabitə və işarəvermə qurğuları yaradılacaq. Bakı-Böyük Kəsik yolu ümumlikdə 317 km uzunluğunda olan yoldur və bu yol tamamilə yenidən qurulacaq”.
A.Əsgərov deyib ki, bunun üçün 1,2 milyard manat investisiya tələb olunur: “Bunun da əksər hissəsini Dünya Bankı və Çexiya İxrac Bankı ayıracaq. Qalan hissəsi isə hökumət vəsaiti və Azərbaycan Dəmir Yollarının öz vəsaitləri hesabına olacaq”.