Başlıq » 2010»Avqust»17 » Azərbaycan yığmasının Olimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 5-ə çatıb
Azərbaycan yığmasının Olimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 5-ə çatıb
17:13
İdmançılarımız Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarını davam etdirir
Azərbaycan idmançıları Sinqapurda uğurlu çıxışlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, komandamız Yeniyetmələrin I Olimpiya Yay Oyunlarında daha bir qızıl medal qazanıb.
Sərbəst güləşçilərin mübarizəsində qüvvəsini sınayan Əli Maqomedabirov (100 kq) bütün rəqiblərinə qalib gələrək, Sinqapurda Azərbaycan himnini səsləndirən 5-ci idmançı olub. O, ilk görüşdə monqolustanlı Oyunbold Enxtugsə (3:1), daha sonra gürcüstanlı Geno Petriaşviliyə (3:0) hesabı ilə qalib gəlib. Yarımfinalda Manuolefoaga Sualevaya (Amerika Samoası) və həlledici mərhələdə Jesus Konyedonu (Kuba) da məğlub edən həmyerlimiz Olimpiya çempionu tituluna sahib olub. Bununla, Azərbaycan yığmasının qazandığı qızıl medalların sayı 5-ə, ümumi medalların sayı isə 6-ya çatıb.
Xatırladaq ki, Maqomedabirovdan öncə Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq) qızıl, Kənan Quliyev (54 kq) gümüş medala yiyələniblər.