Bu il oktyabrın son bazar günü - ayın 31-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkəmiz qış vaxtına keçəcək.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Ölkə vətəndaşları oktyabrın 31-də yatmazdan öncə saatların əqrəbini 1 saat geri çəkməlidirlər. Əks halda işə, səfərə, bazara, məktəbə və s. gecikə bilərlər.
Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Energetiklərin fikrincə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Lakin yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və bir sıra digər ölkələr daxildir.