Bundan sonra Gəncə Dövlət Universitetində dərsləri onlayn rejimdə izləmək mümkün olacaq Yeni tədris ilində Gəncə Dövlət Universitetində tədris prosesini onlayn rejimdə izləmək mümkün olacaq. Artıq bunun üçün auditoriyalarda veb-kameralar və lazımi texniki avadanlıqlar quraşdırılıb. Universitetdən Lent.az-a verilən məlumata görə, dərs prosesini təhsil müəssisəsinin www.gsu.az saytı vasitəsilə izləmək mümkündür. Artıq universitetin tədris korpuslarında layihənin reallaşdırılması üçün Wi-Fi texnologiyalı sürətli internet şəbəkəsi qurulub. Xatırladaq ki, təhsil müəssisələri arasında təlimin birbaşa onlayn izlənməsi imkanı Azərbaycanda ilk dəfədir. Bu, müasir cəmiyyətlərdə elektron və distant təhsil sahəsində əhəmiyyətli addım hesab olunur. Belə ki, yeni metodun tətbiqi həm də dərs və imtahanların şəffaflıq prinsipi əsasında aparılmasına köməklik göstərəcək. Üstəlik tələbələr və maraqlı şəxslər onları maraqlandıran leksiyalara istədikləri vaxt izləmək imkanı əldə edəcəklər. Layihə çərçivəsində ən yaxşı leksiyalar seçilib DVD disklərə yazılıb kitabxanalara təqdim olunacaq. Gəncə Dövlət Universiteti 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. 5 illik fəaliyyətdən sonra bu təhsil müəssisəsi H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi tam ali təhsil verməyə başlayıb. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr və magistr pillələrində aparılır. Hazırda burada 37 tədris kafedrasında 16 elmlər doktoru-professor, 170 elmlər namizədi-dosent, 400-ə yaxın baş müəllim və müəllim çalışır. Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanlığı ilə təchiz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı” tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.
|