Merilend Universitetinin iki tələbəsi mükafat kimi Azərbaycana səfər edəcəklər. Azərbaycan prezidenti tərəfindən elan olunmuş Ekologiya İli çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində “Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib. Səfirlikdən verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara amerikalı tələbələri sövq etmək olub.
Çoxsaylı tədqiqat işlərinin qiymətləndirilməsindən sonra səfirliyin müsabiqə şurası Çinçu Harrisi və Hafi Yillahı müsabiqənin qalibləri elan edib. Qaliblər Azərbaycana səfər üçün uçuş biletləri ilə mükafatlandırılıblar. Merilend Universitetində təşkil olunmuş, professor-müəllim heyətinin və tələbələrin qatıldığı təntənəli tədbirdə səfirliyin nümayəndələri tərəfindən qaliblərə müvafiq şəhadətnamələr təqdim olunub.
Müsabiqənin hər iki qalibi Merilend Universiteti ilə Azərbaycanın Xəzər Universitetinin 21 may - 4 iyun tarixlərində Bakıda birgə təşkil etdikləri ətraf mühit məsələlərinə həsr olunmuş tədris kurslarında iştirak edəcəklər. Kurs iştirakçıları Azərbaycanın ətraf mühiti, həyata keçirilən ekoloji layihələr və bu sahədə nəzərdə tutulan gələcək planlarla tanış olacaqlar.
1856-cı ildə təsis olunmuş Merilend Universiteti ABŞ-ın ən qabaqcıl universitetlərindəndir və ölkə miqyasında dövlət universitetləri arasında 7-ci yeri tutur. 37 minədək tələbə universitetin 13 fakültəsində təhsil alır.