Mərasimdə təhsil naziri Misir Mərdanov da iştirak edib Azərbaycan Dövlət Neft Akademiyasında ötən il baş verən terror hadisəsinin ildönümü ilə bağlı olaraq bu gün ADNA-nın qarşısında anım mərasimi keçirilib. Anım mərasimində təhsil naziri Misir Mərdanov və Akademiyanın rektoru Siyavuş Qarayev də iştirak edib.
Binanın qarşısına qətlə yetirilən 12 nəfərin xatirəsinə əklillər qoyulub, şamlar yandırılıb. Ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra təhsil naziri Misir Mrədanov jurnalistlərə açıqlama verib. Nazir bir daha ölənlərin ailələrinə başsağlığı verib. Nazir, ölənlərin adlarının əbədiləşdirilməsi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı hazırda danışıqlar aparılır.
Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələri nə qədər mühafizə olunsa da, təəssüf ki, bü cür halların qarşısını almaq olmur: “Azərbaycan xalqı bu hadisəni unutmayacaq. Bu bizə qarşı edilmiş terror hadisəsidir. Bütün cəmiyyət ayıq olmalıdır”.
Daha sonra nazir və Akademiya rəhərliyi hadisə baş verən mərtəbələri gəziblər. Akademiyanın binasında təşkil olunan ehsan süfrəsinə qatılıblar.