Bu il Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu aparılmayacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, Təhsil Nazirliyi ötən il bu ali təhsil müəssisəsinə tələbə qəbulunun dayandırılması ilə bağlı qərar qəbul edib.
Təhsil Nazirliyindən isə Lent.az-a bildiriblər ki, ötən il universitetdə aparılan yoxlamalar zamanı həmin ali məktəbdə çoxlu sayda nöqsanlar aşkarlanıb. Həmin nöqsanları araşdırmaq üçün nazirlikdə xüsusi işçi qrup da yaradılıb. Həmçinin yol verilmiş nöqsanların aradan qaldırılması üçün universitet rəhbərliyinə vaxt da verilib. Ancaq müəyyən edilmiş vaxt ərzində problemlər həllini tapmayıb və ABU-ya tələbə qəbulu dayandırılıb.
Növbəti illərdə universitetə tələbə qəbuluna razılıq verilib-verilməyəcəyi isə aparılan araşdırmaların nəticəsindən asılı olacaq.