Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il iyunun 20-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə Bakı və Naxçıvan şəhərlərində imtahan keçirir. İmtahanda 2819 abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 6 nəfəri Naxçıvandadır.
İmtahan saat 11:00-da başlanacaq.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni iyunun 17-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edirlər.
İmtahanda iştirak edəcəyi nəzərdə tutulan abituriyentlərdən 1347 nəfəri qız, 1472 nəfəri isə oğlandır. Onlardan 1451 nəfəri cari ilin, 1368 nəfəri isə ötən illərin məzunlarıdır.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
Qeyd edək ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 23-də keçirilib. Həmin imtahanda 10828 abituriyent iştirak edib ki, onlardan 9324 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. Qəbul qaydalarına əsasən həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 20-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilir.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.