Onlar ali və orta ixtisas məktəblərinə sənəd versələr də ərizələrini təsdiqləməyiblər 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş 2731 abituriyent elektron ərizələrini təsdiqləməyib.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il 115855 abituriyent ali məktəblərə daxil olmaq üçün elektron ərizəsini təsdiq etdirib. İxtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayına görə birinci yerdə 37153 nəfərlə I ixtisas qrupu qərarlaşıb.
TQDK sədri deyib ki, sel və daşqınlar subasma zonasına aid rayonlardan olan abituriyentlərin ali məktəblərə sənəd qəbulunda iştirakına ciddi təsir göstərməyib. Onun sözlərinə görə, həmin rayonlardan elektron ərizələrini təsdiqləmiş abituriyentlərin sayı əvvəlki illərdən o qədər də fərqlənmir. Bununla belə, Sabirabad və subasma zonasına aid digər rayonlardan olan abituriyentlərin bir neçəsi sənəd qəbulunda iştirak etsə də ərizələrini təsdiqləməyib. Ancaq TQDK həmin abituriyentlərə ərizələrini təsdiqlətdirmək üçün şans verib: “Sabirabad rayonundan 3 belə abituriyentə sənədlərini təsdiqlətdirmək imkanı yaradılıb. Yaxın günlərdə həmin rayonlardan müraciət daxil olarsa, onlar üçün də imkan yaradılacaq. Amma bu günə hələ ki, belə bir müraciət yoxdur”.
M.Abbaszadə qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək göstərilməsinin TQDK-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Bu istiqamətdə həyata keçirilən yeni bir layihə barədə - tələbə qəbulu prosesinin bütün tərəflərini və mərhələlərini sistemləşdirilmiş şəkildə özündə əks etdirən “Abituriyentin bələdçisi” kitabının təkmilləşdirilmiş variantının işıq üzü gördüyünü bildirib. Komissiya sədri ötən dövr ərzində tələbə qəbulu qaydalarında edilmiş dəyişiklik və yeniliklərin bu nəşr də nəzərə alındığını vurğulayıb.
Konfransda Magistr” jurnalının 4-cü sayının nəşr olunması ilə bağlı məlumatlar da KİV nümayəndələrinin diqqətinə çatdırılıb. M.Abbaszadə həmin nəşrdə 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və bakalavrlar üçün digər zəruri məlumatların təqdim olunduğunu qeyd edib.
Daha sonra TQDK sədri iyunun 20-də keçiriləcək rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turların yekunu, iyunun 6-da keçiriləcək sınaq imtahanı və digər məsələlərlə bağlı mətbuat nümayəndələrinə məlumat verib.
Tədbirin sonunda TQDK sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.