Aprelin 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şən və Hazırcavablar Klubunun “Alov kuboku” adlı II beynəlxalq çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionatda Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan təmsilçiləri də iştirak edib.
Çempionatda Azərbaycanı Bakı Musiqi Akademiyasının “Bakılı ekspromt” komandası təmsil edib. Açılış mərasimində səhnəyə çıxan Anar Məmmədxanov və Xəlil Musayev hərəyə üç kiçik nömrə təqdim ediblər.
Hər üç komanda şərtlərə uyğun olaraq “Salamlama”, “Biatlon” və “Ev tapşırığı”nı göstəriblər. Qaliblər Anar Məmmədxanovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən müəyyən olunub. Münsiflər heyətində Cavid İmamverdiyev, Murad Dadaşov, Vado Karovin, Xəlil Musayev və başqaları oturublar. Çempionatın sonunda Gürcüstandan gələn komanda bu ilin yayında beynəlxalq turnir təşkil olunacağımı açıqlayıb və “Bakılı ekspromt” komandasını da turnirə dəvət edib.
Çempionatda I yeri Qazaxıstanın Aktau şəhərinin yığma komandası, II yeri Azərbaycanın “Bakilı ekspromt” , III yeri isə Gürcüstanın “Dinamo” komandası qazanıb.
Sabah çempionatda iştirak edən bütün komandaların iştirakı ilə Bakı Caz Mərkəzində xüsusi olaraq hazırlanmış “Kameron Diaz” şousunun nümayişi nəzərdə tutulur.