Ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə azalıb 27 may saat 10:00-a olan məlumata görə,ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 109 min 287 abituriyent elektron ərizəsini doldurub. Ərizələrini təsdiq etdirənlərin sayı isə 103 min 46 nəfərdir.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib.Onun sözlərinə görə, bu günədək elektron ərizəsini dolduranların 97 min 100 nəfəri Azərbaycan, 12 min 187 nəfəri isə rus bölməsinin abituriyentləridir.
O qeyd edib ki, bu il ümumiyyətlə orta məktəbi bitirənlərin sayı az olduğundan ali məktəblərə sənəd verənlərin də sayı ötən illə müqayisədə azalıb.
Bu il ilk dəfə olaraq İslam Universitetinə qəbul elan edilib və 100 vakant yer ayrılıb. Qeyd edək ki, sənədlərin təsdiq edilməsi və qəbulu üçün son tarix mayın 31-ə qədərdir.
Sənəd qəbulunun internet vasitəsilə həyata keçirildiyini deyən komissiya sədri sənədlərin təsdiqlənməsində problem yaşayanların təcili olaraq TQDK-ya müraciət etməyə çağırıb. Onun sözlərinə görə, bu günlərdə sənəd qəbulu üçün dövlət rüsumu 2 manat olduğu halda bəzi regional mərkəzlərdə neqativ hal baş verib. Nəticədə sənəd qəbulu üçün əlavə pul tələb edən komissiya üzvləri vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, 2010/2011-ci tədris ili üzrə respublikanın ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun başa çatmasına cəmi 1 gün qalır. Sənədlərin qəbulu və təsdiq etdirilməsi üçün son möhlət mayın 31-də saat 17.00-da başa çatacaq.