Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 29-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində keçiriləcək. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, avqustun 11-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. Seçmə turlar ilk dəfə olaraq TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib. M. Abbaszadə bildirib ki, ikin statistik məlumatlara əsasən 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 30660 abituriyent ərizə təqdim edib. Bu il 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
|