Cəlilabad rayonu - 3 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 3 » Cəlilabad rayonu
Cəlilabad rayonu
11:57

Məlumatlar
İqtisadi rayon: Lənkəran iqtisadi rayonu
Ərazi: 1 441 (km²)
Əhali: 174 000
Əhali sıxlığı: 91 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu: 15
Telefon kodu: 114
Poçt kodu (Mərkəzi PŞ): Az 1500
Yaşayış məntəqələrinin sayı
İcra başçısı: [[]]
İnternet saytı:

Nə ilə getmək olar
Avtonəqliyyatla - Bakı-Cəlilabad avtobusları; Qatarla - Bakı-Astara – 7 saat

Cəlilabad - Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəlilabad şəhəridir.

Tarixi
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azəbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı.

Coğrafi mövqeyi
Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.

Rayonun mərkəzi - Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

Relyefi
Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

Təbiəti
Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

İqlimi
Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 °C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

Görkəmli şəxsləri
Teymur Mustafayev — Azərbaycanın xalq artisti.
Ağadadaş Ağayev — Azərbaycanın xalq artisti.
Nurəddin Mehdixanlı — Azərbaycanın xalq artisti.
Vaqif Abbasov — texnika elmləri doktoru, professor.
Eldar Həsənov — Azərbaycanın milli qəhrəmanı.
Faiq Cəfərov — Azərbaycanın milli qəhrəmanı.
Arif Qubadov — Azərbaycanın milli qəhrəmanı.

İqtisadi xarakteristikası
Cəlilabad Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardır.

Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələr də mövcuddur.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Cəlilabad rayonunda 17 məktəbəqədər müəssisə, 113 ümumtəhsil məktəbi, 1 mədəniyyət sarayı, 33 klub, 74 kitabxana fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

Harada qalmaq olar
Şəhərdə mehmanxana və motel fəaliyyəti göstərir.

Harada nahar etmək olar
Dadlı yeməklərlə əhali arasında tanınan «Yurd» restoranı, müxtəlif kafe və kababxanalar qonaqların yolunu gözləyir.

Qədim diyarın görünən tərəfləri
Cəlilabad rayonu çox qədim yaşayış məskəni olsa da, bir qədər tədqiqatçıların və arxeoloqların diqqətindən kənarda qalıb. Rayonun hələ bizə məlum olmayan və eramızdan əvvəlki minilliklərin sirrini özündə qoruyub saxlayan maddi sübutları torpağın elə də dərin olmayan qatlarında toxunulmaz halda qorunub saxlanır. Hərdən-hərdən torpaq becərib, əkin əkən rayon əhalisinin qarşısına çıxan belə tapıntılar - küp qəbirlərdən tutmuş, daş sənduqələr, döyüş və məişət əşyaları rayonun Tarix-diyarşünaslıq Muzeyinə təhvil verilib. İlk baxışdan müəyyən etmək olur ki, çox yaxın bir gələcəkdə arxeoloqları bu torpaqda böyük axtarışlar və qiymətli tapıntılar gözləyir. Çünki yeni Tarix-diyarşünaslıq Muzeyi inşa olunandan sonra Cəlilabadın qədim tarixini üzə çıxarmaq ehtiyacı qaçılmaz olacaq. Rayon əhalisi də yeni muzeyin inşasına sevinclə hazırlaşır. Necə deyərlər, gələcəyinin təməlini öz keçmişinin üzərində qurmaq prinsipinə Azərbaycanın hər yerində olduğu kimi bu regionda da əməl edilir.
Hələ ki, Cəlilabad özünün ən yaxın keçmişi ilə qürur duymaqdadır: Sovet dövründə ətraf rayonların içərisində öz abadlığı və gözəlliyi ilə seçilən bu ərazidə müsafirləri məşhur çay evi tikildiyi gündən rayonun simvoluna çevrilən “Armudu stəkan” qarşılayır. Rayona gələn hər kəs çayının ləzzəti və ətri ilə məşhur olan bu çay evinə qədəm basmalı və oradan rayonun ovuc içi kimi görünən panoramasına tamaşa etməlidir.

Digər məlumatlar
Rayon sakinlərindən 20 nəfərindən çoxu ölkənin ən yüksək əmək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı, yüzlərlə əməkçi, təsərrüfat rəhbəri müxtəlif orden və medallarla təltif edilib. Maraqlıdır ki, keçmiş sovet məkanında üzümçülük və şərabçılıq sahəsində öz göstəriciləri ilə öyünən Ermənistan respublikası təkcə Cəlilabadın əldə etdiyi yüksək nailiyyətlər qarşısında susmağa məcbur olub. Yəni təkcə Cəlilabad rayonu ölkəyə Azərbaycandan sonrakı sırada duran Ermənistandan daha çox üzüm verib.

Hazırda Cəliliabadda 18 siyasi partiyanın rayon təşkilatı, 25 qeyri-hökumət təşkilatı, 96 məscid, 1 xristian və 1 yəhudi icması fəaliyyət göstərir. Onların bütün müraciətinə həssaslıqla yanaşılmaqla bərabər, problemləri öyrənilərək yerindəcə həll edilir. Eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılır. Təsadüfi deyil ki, Azərbaycan və onun regionları ilə ilk tanışlıq zamanı xarici qonaqlarımızı ölkədə hökm sürən dini dözümlülük və tolerantlıq heyrətləndirir. İctimai sabitliyin qorunub saxlandığı, dini qardaşlığın hökm sürdüyü ölkəmizin mənzərəsini xarici müşahidəçilər ötən il prezident seçkiləri zamanı bir daha seyr edə bildilər. Dinindən və irqindən asılı olmayaraq ölkənin tamhüquqlu vətəndaşları olduqlarını icmaların üzvləri, o cümlədən, Cəlilabadda yaşayan yəhudi və xristianlar da seçkilərə qatılmaqla nümayiş etdirdilər. Bundan başqa, rayonda fəaliyyət göstərən bələdiyyələr “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsünə qoşularaq, layihə çərçivəsində rayonun və hər bir kəndin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri və yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirakları ilə seçilirlər. Təkcə ötən il layihə çərçivəsində Privolnoye, Uzuntəpə, Alar, Qarazəncir, Ocaqlı və Günəşli kəndlərinin ümumilikdə 20 km-dən çox kənddaxili yollarına çınqıl döşənib, 5 kilometrlik Təzəkənd-Alar yolu əsaslı təmir edilib. Bundan əlavə, Uzuntəpə kəndindəki yeni massivə yol və içməli su xətti çəkilib.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinin nəticəsi olaraq Cəlilabadın kəndlərinə elektrik enerjisinin məhdudiyyətsiz verilməsi, yararsız transformatorların, naqillərin və dirəklərin dəyişdirilməsi, kənddaxili yolların təmir edilməsi, bəzi təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi, kəndlərin qazlaşdırılması işləri uğurla həyata keçirilib.
Dövlət Proqramının ikinci mərhələsinin də uğurla icra olunması məqsədilə rayonda yaradılan işçi qrupu yerli resursları bir daha diqqətlə nəzərdən keçirərək yeni sosial-iqtisadi inkişaf proqramını tərtib edib. Proqram çərçivəsində Göytəpə şəhərində yeni yarımstansiyanın inşa edilməsi və Cəlayir kəndində yerləşən yarımstansiyanın yenidən qurulması, yararsız elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi nəzərdə tutulub.
Cəlilabad şəhərində qazpaylayıcı stansiyanın tikilməsi, yeraltı qaz xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinə qaz xəttinin çəkilməsi, Cəlilabad və Göytəpə şəhərlərində qazanxanaların inşa olunması, küçələrin və yolların təmir edilməsi, yaşayış məntəqələrində artezian quyularının qazılması, 15 kilometr suvarma kanalının çəkilməsi və mövcud meliorasiya qurğularının təmir olunması da həmin proqram çərçivəsində həyata keçiriləcək.
Buraya 27 məktəbin və 13 məktəbdə əlavə sinif otaqlarının, təcili tibbi yardım stansiyasının, 6 xəstəxananın, 8 həkim ambulatoriyasının, 7 tibb məntəqəsinin, 8 poçt şöbəsinin, 2 şərab zavodunun, ət və süd emalı müəssisələrinin, kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducunun, rayonda turizmin inkişafına tövfə olaraq meşə zonasında istirahət obyektlərinin inşası və dəmir-beton məmulatları zavodunun bərpa olunması da daxildir.
Təkcə ötən il Cəlilabad şəhər ATS-i tam elektronlaşdırılmış, Qarazəncir, Maşlıq, Bayxanlı, Şorbaçı, Buravar və Badamağac kəndlərində ümumilikdə 586 yerlik elektron ATS, dağlıq ərazidə yerləşən 12 kənddə isə peyk rabitə sistemi quraşdırılıb. Göytəpə şəhərində yeni poçt binasının tikilməsi əhaliyə göstərilən xidmətin daha da yaxşılaşmasına səbəb olub.
Əhalinin elektrik enerjisi ilə təchizatı da daim nəzarətdə saxlanır. Bu məqsədlə 2008-ci ildə 7 yeni tansformator quraşdırılıb, 26 transformator təmir edilib, yararsız vəziyyətdə olan naqil və dirəklərin çox böyük hissəsi dəyişdirilib, yeni elektrik hava xətləri çəkilib.
Təbii qaza olan tələbatda kəsirlərin aradan qaldırılması üçün təkcə ötən il 660 metr qaz xəttində təmir və bərpa işləri aparılmaqla yanaşı, daşıyıcı qaz kəmərləri lazımi avadanlıqla təhciz olunub. Rayonun mərkəzində 4300 metr yeni qaz xətti çəkilib.
Şübhə yoxdur ki, bütün bu tədbirlərin həyata keçirilməsi Cəlilabadın sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı yerlərdəki mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.

Yerli media
Cəlilabad rayonunda "Yeni gün" qəzeti nəşr olunur.

Kateqoriya: Bolgeler | Baxılıb: 469 | Elave eden: ANAR_PUSU | Reytinq: 1.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016